Bakıda gənclərin iştirakı ilə kvant fizikasına həsr olunmuş forum keçirilib Cəmiyyət

Bakıda gənclərin iştirakı ilə kvant fizikasına həsr olunmuş forum keçirilib

Bakıda kvant fizikası ilə əlaqədar “Youth Quantum Forum 2025” adlı tədbir keçirilib. Forum Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə reallaşıb.

Xalqcebhesi.az xəbər verir ki, Bakı Konqres Mərkəzində 300 tələbə və fəal gəncin iştirakı ilə keçirilən forumda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla anılıb.

Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, “Azərkosmos”un İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, UFAZ-ın icraçı direktor vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, ATGTİ-nin sədri Rəşad Zeynalov açılış nitqi ilə çıxış edərək gənclərə göstərilən diqqət və qayğıdan danışıb, tələbələrə uğurlar arzulayıblar. Qeyd edilib ki, forumun əsas məqsədi son illər gündəmdə olan kvant fizikası, alternativ enerji və səma elmləri kimi mövzularda təqdimatlar, panel müzakirələri və təcrübi seminarlar keçirməkdir.

Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında musiqi dinlənilib. Sonra “Kvant dünyası: hər şey necə kiçik və qeyri-müəyyən olur?” və “Kosmik fəlsəfə: kosmosun mahiyyəti və insan həyatına təsiri” mövzularında panellər keçirilib.