Havamız necə çirklənir? Cəmiyyət
Havanın çirklənməsində müxtəlif səbəblər var. Böyük şəhərlərdə nəqliyyat vasitələrinin çoxluğu havanın daha çox çirklənməsinə səbəb olur. Həmçinin bildirilir ki, şəhərlərdəki qurğuların yenilənməməsi də hava çirklənməsinə gətirib çıxarır. Havanın çirklənməsi insan sağlamlığı üçün ən ciddi ekoloji təhdidlərdən biridir. Qeyri-rəsmi statistikaya görə, havanın çirklənməsi səbəbindən hər il dünyada 7 milyon insan ölür. Havanın çirklənməsini azaltmaq üçün tədbirlər görməklə ölkələr insult, ürək xəstəlikləri, ağciyər xərçəngi, astma da daxil olmaqla xroniki və ya kəskin respirator xəstəliklər kimi xəstəliklərin yükünü azalda bilər. Bəs Azərbaycanda vəziyyət necədir, burada havanın çirklənməsinə gətirib çıxaran əsas səbəblər nələrdir?
Bu istiqamətdə sözügedən sahənin mütəxəssisləri fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.
“İnsanın nəfəs alması belə atmosferi çirkləndirir”
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli qeyd edib ki, bu gün təbiətdə sudan sonra ikinci çirklənməyə məruz qalan havadır: “İnsanın özünün nəfəs alması belə atmosferi çirkləndirir. Təqribi hesablamalara görə, 1 dəqiqə ərzində 0.6 qram, il ərzində 315 qr karbon dioksid buraxır. Atmosferi çirkləndirən əsas qazlar karbon dioksid, metan qazlarıdır. Havaya qarışan çirkləndiricilər kükürd dioksid, hidrogen sulfid, karbon monoksit, azot oksidləri və digər hissəciklərdir. Hava çirkliliyi yaradan qazlar ozon təbəqəsinə də böyük təhlükə yaradır. Atmosfer çirkləndirən faktorlar arasında təbii amillər də var. Məsələn, təbii fəlakətlər: vulkan püskürməsi, meşə yanğınları zamanı atmosferə xeyli zərərli qazlar buraxılır. Ancaq atmosfer çirkliliyini yaradan əsas amil insan faktorudur. Plansız urbanizasiya, xaotik məskunlaşma, nəqliyyatın hərəkəti, keyfiyyətsiz yanacağın istifadəsi, fabrik və zavodların sayının artması kimi müxtəlif səbəblərdən 30-dan çox kimyəvi maddə havanı çirkləndirir”.
“Havanı çirkləndirən əsas amillər sənaye müəssisələri və daxili yanma mühərrikləri ilə işləyən avtomobillərdir”
E.Cəfərli hazırda ölkəmizdə havanı çirkləndirən əsas amillərin sənaye müəssisələri və daxili yanma mühərrikləri ilə işləyən avtomobillər olduğunu diqqətə çatdırıb: “Sovet dövründə bu məsələdə sənaye müəssisələrinin payı daha çox idi. Lakin müstəqillik dövründə o müəssisələrin çoxu fəaliyyətini dayandırdı. Məsələn, Sumqayıt kimyaçılar şəhəri idi. Şəhərdə atmosferə zərərli qazlar buraxan çoxlu sənaye müəsissələri, kimya zavodları var idi. Hazırda onların böyük əksəriyyəti fəalliyyətini dayandırıb. 1987-ci ildə respublikanın hava hövzəsinə 2,05 mln.ton zərərli tullantılar atılıb. Bunun 0,25 mln. tonu bərk maddələr, 0,15 mln. tonu kükürd qazı, 0,99 mln. tonu isə karbohidrogenli birləşmələr olub. Rəsmi məlumata görə, 1991-ci ildə atmosfer havasına atılan zərərli tullantıların ümumi miqdarı artaraq 2,6 mln. tona çatıb. Bunların 0,11 mln. tonu bərk toz hissəciklər, 0,09 mln. tonu kükürd 2-oksid, 0,64 mln. tonu karbon oksidi, 0,08 mln. tonu azot oksidi, 1,67 mln. tonu karbon qazı, 0,04 mln. tonu buxarlanan kimyəvi maddələr təşkil edirdi. Sovet dövründə Sumqayıtla yanaşı Bakı, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, habelə Samux, Xanlar, Şəmkir, Goranboy rayonlarında da hava çirkliliyi müşahidə edilirdi”.
“Hava çirkliliyi insan orqanizmində müxtəlif xəstəliklər yaradır”
Onun sözlərinə görə, şəhərlərin hava hövzəsinin çirkləndirilməsinin əsas səbəbi avadanlıq və qurğuların yenilənməməsi, təbiəti mühafizə tədbirlərinin həyata keçirilməməsi, ətraf mühitin mühafizəsinə sərf edilən maliyyə vəsaitinin az olması və bəzi hallarda bu vəsaiti mənimsənilməsi idi: “Bundan başqa istilik elektrik stansiyalarında və istilik qızdırıcı mərkəzlərində təbii qaz əvəzinə mazutdan, xüsusilə bir çox hallarda yüksək faizli kükürdlü mazutdan istifadə edilməsi də atmosferin çirkləndirilməsini daha da gücləndirib. Atmosferi çirkləndirən əsas amillərdən biri də heç şübhəsiz ki, əhalinin artması ilə əlaqədar iri şəhərlərdə yaşıllıq zolaqlarının məhv edilməsidir. Hazırda Azərbaycanda ən çox hava kirliliyi əhalinin daha çox məskunlaşdığı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində qeydə alınıb. Sənaye müəsissələrinin genişlənməsi, ölkəyə gətirilən avtomobillərin sayının durmadan artması, bu şəhərlərdə ekoloji vəziyyəti ağırlaşdıran amillərdir. Məsələn, hazırda avtomobillərdən Bakı şəhərinin atmosferinə atılan zəhərli maddələrin orta illik miqdarı 300 min tondan çoxdur. Məsələn, rəsmi məlumatda bildirilir ki, 2023-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton çoxalaraq ümumilikdə 965,1 min ton təşkil edib. Onun da 85,0 faizi və ya 820,8 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb. Hava çirkliliyi insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Atmosferdə karbon qazının səviyyəsinin artması beyin sağlamlığına mənfi təsir edir, insanlarda nevroloji problemlər yaradır. Zərərli komponentlər miqren xəstələrinə ciddi təsir edir”.
E.Cəfərli sonda havanın çirklənməsi səbəbindən dünyada hər il milyonlarla insanın həyatını itdiyini, atmosfer kirliliyinin ağciyər xəstəliklərinin çoxalmasına yol açdığını vurğulayıb.
“Çirklənmənin artması həm də iqlim dəyişmələrinin yaranmasına səbəb olur”
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, atmosfer havasının kirlənməsi dünyamızın əsas problemlərindən biridir: “Atmosfer havası əsasən iri şəhərlərdə çirklənir və dünya əhalisinin təxminən yarıya qədəri iri şəhərlərdə yaşayır. Çirklənməni yaradan əsas mənbələr avtomobil nəqliyyatı, sənaye və tullantılardır. Mən burada məişət tullantılarını qeyd etmək istəyirəm. Məhz bu cür amillərin nəticəsində müxtəlif şəhərlərdə atmosferdə həm çirkləndiricilərin miqdarı artır, həm də bununla bağlı insan sağlamlığı problemləri ortaya çıxır. Əsas çirkləndiricilər kükürd qazı, azot dioksitlərdir və bir də tullantı qalıqlarından meydana çıxan müxtəlif üzvi mənşəli çirkləndiricilər, uçucu üzvi birləşmələrdir. Bunlar insan sağlamlığı üçün çox zərərlidir. Digər bir tərəfdən çirklənmənin artması həm də iqlim dəyişmələrinin yaranmasına səbəb olur. Bütün bu çirkləndiricilər karbon qazı ilə yanaşı, həm də iqlim dəyişmələrini, temperaturu istiləşdirən əsas faktorlar hesab olunmaqdadır”.
“İnsanlar çalışmalıdır ki, evində hava keyfiyyəti yüksək olsun”
R.Abbasov həmçinin qeyd edib ki, iri şəhərlərdə hava kirliliyinin azaldılması üçün bəzi yalançı ümidlər də var: “İndi Avropa ölkələrində bezninin yandırılmasında yeni avro standartlara keçid edilib. Elektrik avtomobillərinin çoxalması iri şəhərlərdə çirklənmənin azalmasına ümidlər yaradır. Tullantıların idarə olunmasında müasir texnologiyaların istifadə olunması çox zəruridir və tullantıların azaldılması üçün biz həyat tərzimizi dəyişməliyik. Yəni bu cür həllər vasitəsilə biz havanın çirklənməsinin azalmasına nail ola bilərik. Vacib bir məsələ də odur ki, PM2,5 və PM10 ölçülü tozlar da var. Onlar da iri şəhərlərdə müşahidə olunan əsas mənbələrdir. Bunların da əsas mənbəyi elə avtomobillərdir və bu tozların həm də daha çox ev şəraitində əmələ gəlməsinə şərait yaranır. Müxtəlif xalçalar bu tozları özündə saxlayır. Hər bir insan çalışmalıdır ki, evində hava keyfiyyəti yüksək olsun. İmkan varsa, buna nəzarət etsin. Çox yaxşı olardı ki, evlərdə, xüsusilə Bakının daha çirkli rayonlarında evlərdə hava təmizləyən qurğular alınaraq məişət qurğusu kimi istifadə olunsun”.
“Daxili yanma mühərrikində yanma prosesi normal getmir”
Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Ənvər Əliyev bəzən havada həddindən artıq çirkliliyin yarandığını deyərək əlavə edib ki, bu çirklənmə əsasən texnogen mənşəli, qeyri-stasioner mənbələrdə olur: “Bura maşınların daxili yanma mühərrikindən atılan müxtəlif növ tullantılar, bir də maşınların təkərlərinin altından çıxan hissəciklər daxildir. İri şəhərlərdə isə maşınların sayından və ya maşının içindəki mexanizmdən asılıdır. Yəni maşının motoru normal işləmirsə küllü miqdarda çirki havaya ötürür. Daxili yanma mühərrikində yanma prosesi normal getmir. Azərbaycanda təxminən 2 milyona yaxın avtonəqliyyat vasitələri var. Nəticədə bu vasitələr şəhər mühitində problem yaradır. Bütün bunlar insan sağlamlığına mənfi təsir göstərir. Dərinin üzərinə düşmüş hissəciklər müxtəlif növ xəstəliklərin yaranmasına səbəb olur. Maşınların təkərlərinin altından çıxan xırda hissəciklər nəfəsimizə hopur. Bunlar həm nəfəsimizlə, həm ağzımız vasitəsilə daxilimizə gedir. Bunlar ən çox yaşlı insanlara, hamilə qadınlara kəskin təsir edir. Maşınların motorundan çıxan səs-küy şəhərdə və şəhər kənarında ciddi təsir yaradır. Bir müddət öncə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) İngiltərədəki qeyri-hökumət təşkilatı Bakıda görüş keçirdi. Həmin görüşdə də Azərbaycanda, xüsusən Bakı şəhərində havanın çirkliliyini xüsusən qeyd etdilər”.
Röya İsrafilova