Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib Cəmiyyət
Bu gün Mətbuat Şurasının təşəbbüsü ilə tanınmış jurnalist, şair və tərcüməçi, uzun illər Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Xarici dillər redaksiyasında çalışmış Firidun Ağazadənin 75 illik yubileyi ilə bağlı toplantı keçirilib.
MŞ sədri Rəşad Məcid yubilyarın həyat yolunun xarakterik xüsusiyyətlərindən söz açıb. O bildirib ki, 1950-ci il fevralın 1-də Lerik rayonunun Pirasora kəndində anadan olmuş F.Ağazadə 1966-cı ildə hazırkı Azərbaycan Dillər Universitetini bitirib. 1978-ci ildə “Azərbaycan təbiəti” jurnalı ilə əməkdaşlıq edib. 1980-1995-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında – “Azərnəşr”də tərcümə redaktor kimi çalışıb, paralel olaraq Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyət göstərib.
R.Məcid yubilyarın həyatında AZƏRTAC-ın xüsusi rol oynadığını, 1995-2021-ci illərdə media orqanında Xarici dillər redaksiyasının tərcüməçisi, redaktoru, baş redaktoru kimi çalışdığını vurğulayıb. Şura sədri F.Ağazadənin eyni müddətdə Mətbuat Şurasının da işində fəal iştirak etdiyini, təşkilatın xətti ilə xaricdəki bir sıra nüfuzlu beynəlxalq konfranslara qatıldığını diqqətə çatdırıb. R.Məcid yubilyar qələm sahibinin indi də MŞ-nin təmsilçisi kimi Dövlət İmtahan Mərkəzinin jurnalistika üzrə qabiliyyət imtahanlarının daimi eksperti qismində fəaliyyət göstərdiyini vurğulayıb.
MŞ sədri internet saytlarda müntəzəm olaraq publisistik yazıları, məqalələri, köşə yazıları və şeirləri yayımlanan F.Ağazadənin 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif edildiyini deyib, onun tərcüməçilik fəaliyyətinin geniş diapazona malik olduğunu əsaslandırıb.
R.Məcid onu da bildirib ki, yubilyarın dünya miqyaslı bədii ədəbiyyat nümunələrinin Azərbaycan dilinə, eləcə də azərbaycanlı müəlliflərin əsərlərinin xarici dillərə çevrilməsindəki rolu və əməyi danılmazdır. Şura sədri bütün bunlara görə və 75 illik yubileyi münasibəti ilə F.Ağazadənin MŞ-nin diplomuna layiq görüldüyünü diqqətə çatdırıb və təbrik plaketini veteran jurnalistə təqdim edib.
MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov F.Ağazadəni əsl dost kimi xarakterizə edən cəhətlərə nəzər salıb. O, Mətbuat Şurasının fəaliyyətə başladığı ilk illərə ekskurs edərək bildirib ki, yubilyar həmin məhdud imkanlı dönəmdə Şuranın beynəlxalq media qurumlarına ünvanladığı yüzlərlə sənədin, həmçinin, media ilə bağlı beynəlxalq əhəmiyyətli çoxsaylı sənədlərin Azərbaycan dilinə peşəkar tərcüməsini həyata keçirib. Bu isə bütövlükdə müasir müstəqil jurnalistikamızın formalaşmasına təmənnasız xidmətdir.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov bildirib ki, F.Ağazadə AZƏRTAC-da xarici dillərdə informasiya redaksiyasının təməlini qoyanlardan olub. Bunu böyük xidmət kimi səciyyələndirən D.İsmayılov yubilyarın rəsmi materialların xarici dillərə tərcüməsi işini yüksək peşəkarlıqla icra etdiyini, çalışdığı sahədə əsl məktəb yaratdığını vurğulayıb.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu deyib ki, F.Ağazadə müstəqillik illərində Azərbaycan gerçəkliyinin dünyaya çatdırılması missiyasını həyata keçirən obrazlardan olub və bu obraz daim öz üzərində işləməklə, həm təkmilləşib, həm də ümumən ölkəmizdə tərcümə mədəniyyətinin formalaşmasına müstəsna töhfə verib.
F.Ağazadəni yaradılıcılığı ilə şəxsiyyəti üst-üstə düşən insan kimi xaraktericə edən əməkdar jurnalist Əlövsət Ağalarov bildirib ki, yubilyarın zəhmətkeşliyi tərcümə sənətində mükəmməllik etalonudur.
Veteran jurnalist İttifaq Mirzəbəyli tərcüməçilik sənətinin onu həyata keçirən şəxsdən dərin biliklər də tələb etdiyini vurğulayaraq, F.Ağazadəni məhz bu keyfiyyətə malik peşəkar qələm sahibi kimi dəyərləndirib.
Çıxış edənlərdən əməkdar jurnalist Rəhim Hüseynzadə, tanınmış şair-publisist Ağacəfər Həsənli, tanınmış folklorşünas İslam Sadiq, şair-publisist Hafiz Rüstəm, Audiovizual Şuranın kommunikasiya sektorunun müdiri Taleh Quliyev, “Qanun” Nəşriyyatının tərcüməçisi Aygün Əziz, yazıçı Vüqar Babazadə, həmçinin F.Ağazədənin uzun illər çalışdığı AZƏRTAC-ın əməkdaşları - Orxan Muradov, İlhamə Məmmədova, Ziya Ağazadə və başqaları yubilyarla bağlı xoş xatirələrini bölüşüb, onu işinə son dərəcə məsuliyyətlə yanaşan peşəkar, zəhmətkeş insan, əsl dost və qayğıkeş ailə başçısı kimi xarakterizə ediblər.
Sonda çıxış edən yubilyar Firidin Ağazadə əməyinə və ömür yoluna verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.