

Media nümayəndələri təşkil olunan media-tur çərçivəsində Ağdam Muğam Mərkəzində olublar.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, ümumi sahəsi 1,4 hektar olan mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var.
İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək.
Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib.
Tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır.
Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.