

Azərbaycanda “yaşıl” və “mavi” hidrogen istehsalının normalaşdırılmış dəyəri (LCOH - Levelized Cost of Hydrogen, hidrogen istehsalının orta hesablama dəyəri) Avropada istehsal olunan “yaşıl” hidrogenin orta dəyəri ilə rəqabətədavamlı ola bilər.
Bu barədə “APA-Economics” Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən dərc olunmuş Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinə istinadən xəbər verir. Sənəd Azərbaycan Energetika Nazirliyi adından və onunla əməkdaşlıq əsasında EBRD və “Worley Consulting Group Limited” şirkəti tərəfindən dərc olunub.
Sənəddə bildirilir ki, Azərbaycanda mövcud olan bərpa olunan mənbələri qiymətləndirərək və qazın beynəlxalq qiymət proqnozlarından istifadə edərək, 2030-cu illərin əvvəllərində başlanacaq layihələr üzrə hidrogen istehsalının dəyəri hesablanıb.
Sənədə əsasən, əgər karbonun tutulması (yığılması - red.) və saxlanması (CCS) öz effektivliyini sübut edərsə, “mavi” hidrogen bu yanacaq növünün istehsalı üzrə ən aşağı qiymət nümayiş etdirəcək.
“Azərbaycan Avropa üçün rəqabətədavamlı qiymətə yaşıl hidrogen istehsal edə bilər ki, bu da ixrac üçün imkanlar açır. Çin istehsalı olan elektrolizatorlar istifadə olunarsa, “yaşıl” hidrogen xərcləri daha da aşağı düşəcək”, - sənəddə vurğulanır.
Azərbaycan və Aİ-də “mavi” və “yaşıl” hidrogenin təxmini LCOH göstəriciləri:
kq/avro |
LCOH |
Əməliyyat xərcləri (OPEX) |
Əsaslə xərclər (CAPEX) |
Yanacaq xərcləri |
Azərbaycanda “mavi” hidrogenin istehsalı |
2,87 |
1,98 |
0,31 |
0,59 |
Azərbaycanda “yaşıl” hidrogenin istehsalı (orta miqyasda istehsal) |
4,02 |
2,52 |
1,2 |
0,3 |
Azərbaycanda “yaşıl” hidrogenin istehsalı (optimallaşdırılmış miqyasta istehsal) |
3,6 |
2,55 |
0,84 |
0,21 |
Avropada “yaşıl” istehsal (ortalama) |
5,05 |
2,74 |
1,85 |
0,46 |
Sənəddə qeyd olunur ki, Azərbaycandan Aİ-yə hidrogenin nəqli onun qiymətini artıracaq. Azərbaycandan hidrogenin Avropaya nəqli üçün çox güman ki, xərcləri bir kiloqram üçün 0,8 avro artıracaq yeni boru kəməri tələb olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda “böz” hidrogen istehsal edilir və neft məhsullarının istehsalı zamanı istifadə olunur.
“Boz” hidrogen təbii qazdan əldə edilir. Hazırda iqtisadi cəhətdən ən ucuz başa gələn hidrogen növüdür, bu səbəbdən də geniş yayılıb.
Öz növbəsində, “mavi” hidrogen təbii qaz vasitəsilə istehsal olunur. Bu prosesdə karbon tutma texnologiyalarının (CCUS) tətbiq edilməsi ilə CO2 emissiyalarının bir hissəsinin və ya hamısının atmosferə atılmasının qarşısı alınır.
“Yaşıl” hidrogen ekoloji cəhətdən ən təmiz hidrogen növüdür. Bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisindən istifadə edilərək suyun elektroliz yolu ilə parçalanmasından alınır.