

Elm adamları ölüm anında beyin fəaliyyəti ilə bağlı maraqlı tapıntılar əldə ediblər.
Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, yeni araşdırmada həyati funksiyalar dayandıqdan sonra ortaya çıxan güclü enerji dalğası ölmək üzrə olan xəstələrin beyninə yerləşdirilən sensorlar sayəsində qeydə alınıb.
ABŞ-ın Arizona Universitetindən Stüart Hamerofun elektroensefaloqramma (EEQ) sensorları ilə apardığı tədqiqatda ölüm anında beyin dalğalarında gözlənilməz bir hərəkətin olduğu bildirilir.
Mütəxəssislər deyirlər ki, bu enerji partlayışı qan təzyiqi və ürək döyüntüsü tamamilə dayandıqda üzə çıxır.
Hamerofa görə, qamma sinxronizasiyası adlanan beyin dalğası fəaliyyəti ölümdən 30-90 saniyə əvvəl davam edir. Bu durumun şüurun daha dərin olduğuna dair ipucları verdiyini iddia edən amerikalı alim beyin funksiyaları dayanmış kimi görünsə belə, şüurun davam edə biləcəyini söyləyir.
Bu enerji partlayışının ölümdən sonra şüurun bədəndən ayrılması əlaməti ola biləcəyini deyən mütəxəssislərin sözlərinə görə, bu kəşf ölüm və şüurla bağlı elmi müzakirələrə yeni ölçü qazandıracaq.
Ölüm anında beyində müşahidə edilən bu qeyri-adi fəaliyyətin mənasını tam anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğu deyilərkən, alimlər bu sahədə işlərini davam etdirəcəklərini qeyd edirlər.
İslam dininin müqəddəs kitabı Quranda ruhun bədəni tərk etməsi ilə bağlı çoxlu ayələr var. Ölüm anında ruhun bədəndən çıxmasını təsvir edən “Vaqiə” surəsinin 83-87-ci ayələrində o anda ruhun boğaza gəldiyi və insanların bu anı çarəsizcə seyr etdiyi vurğulanır.
“Zümər” surəsinin 42-ci ayəsində deyilir ki, ruh təkcə ölüm zamanı deyil, həm də yuxu zamanı bədəni tərk edə bilər. Ayrıca, “Ənam” surəsinin 93-cü ayəsində zalımların ruhlarını dəhşət içində təhvil verəcəkləri deyilərkən, “Nisa” surəsinin 97-ci ayəsində ölüm anında mələklərin haqq-hesab çəkəcəkləri vurğulanır.