

Bu gündən Azərbaycan Universitetlərinin bakalavr pilləsinə sənəd qəbulu başlayıb. Yayılan məlumata görə, əvvəlki illərin məzunları qeydiyyatdan keçərkən sistem onlardan 45 AZN pul tələb edir. Həmçinin blok imtahanlarının 2-ci cəhdi üçün məbləğ 50 AZN olub.
Xalqcebhesi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı Oxu.Az-a bildirib ki, cari ilin məzunları və imtahanda ilk dəfə iştirak edənlər, həmçinin müəyyən güzəşt kateqoriyasına aid olan şəxslər heç bir ödəniş etmirlər:
"Digər abituriyentlər isə imtahanda iştirak haqqını şəxsi kabinetlərinin hesab bölməsinə əlavə etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli 270 nömrəli qərarına əsasən, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə müəyyən edilmiş güzəştli tariflərin müddəti (2023 və 2024-cü il) artıq başa çatıb və iştirakçılar ərizənin təsdiq edilməsi üçün Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 6 nömrəli qərarına uyğun ödəniş edirlər. Həmin qərara əsasən İmtahanın birinci mərhələsində iştirak haqqı 45 AZN-dir".