

“Azərbaycanda qadınlarla kişilər arasında əmək haqqı fərqinin səbəbi gender ayrı-seçkiliyi deyil, iqtisadiyyatın sektorlar üzrə spesifik xüsusiyyətləridir. Buna görə də dünyanın elə bir ölkəsi yoxdur ki, orada qadınların orta aylıq əmək haqqı kişilərdən yüksək olsun”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
E.Əmirov bildirib ki, Azərbaycanda əmək bazarının 20 əsas sahəsindən 17-də kişilər daha çox paya malikdirlər: “Belə ki, kişilər işçi qüvvəsi kimi tikintidə 92%, mədən çıxarmada 90%, emal sənayesində 74%, maliyyə və sığorta fəaliyyətində 63% paya sahibdir. Qadınlar isə yalnız 3 sahə üzrə çoxluq təşkil edir. Bunlar təhsil 74%, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 78%, əyləncə və incəsənət sahəsində fəaliyyət 62%-dir. Elə bu sahələr arası əmək haqqı fərqləri nəticədə qadınların orta aylıq əmək haqqının aşağı olmasına səbəb olur. Qeyd etdiyim kimi, bütün ölkələrdə bu fərq mövcuddur. Bu fərq Avropada 10-20%, Rusiyada 25%, Azərbaycanda isə təxminən 30 %-dir. Bu məsələdə Lüksemburq dünyaya liderlik edir. Qadınlar və kişilər arasında əmək haqqı fərqi cəmi 0,2%-dir. Yəni kişinin hər 100 avro əmək haqqı qarşılığında qadın 99,8 avro qazanır”.
İqtisadçının sözlərinə görə, bu fakt, yuxarıda qeyd etdiklərimi bir daha təsdiq edir: “Çünki Lüksemburqda insanlar neft-qazda, tikintidə, ağır sənayedə çalışmır. Kiçik bir dövlət olan Lüksemburq iqtisadiyyatında maliyyə xidmətləri, investisiya və kapital bazarı, eləcə də turizm və təhsil kimi xidmət sektoru inanılmaz böyük paya sahibdir. Bu sektorlarda isə kişilər kimi qadınlar da rahatlıqla bərabər çalışa bilirlər. Başqa sözlə, hansı ölkədə tikinti, neft-qaz, emal və digər ağır əmək tələb edən sahələr üstünlük təşkil edirsə, orada bu əmək haqqı fərqləri daha çox olacaq. Çünki xanımlar zərif cinsin nümayəndələri olduqları üçün (yaxşı ki də bu belədir) ağır əmək tələb edən işlərdə kişilər çalışacaq”.
Röya İsrafilova