

Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı hüquqi şəxs “Kristal Bakı İnşaat” ASC-nin vəzifəli şəxsi tərəfindən işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Bundan başqa, hüquqi şəxs “Olimp-Hospital” MMC, “TİM Consulting” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərinə əməkhaqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində əməkhaqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilib.
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əməkhaqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə və Dövlət Əmək Müfəttişliyinə göndərilib.