

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 28-də Lənkəran şəhərində, Nazirliyin Cənub Regional Mərkəzinin binasında Lənkəran və Astara rayonları sakinlərinin qəbulunu keçirib.
Əvvəlcə, nazir K.Heydərov Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsini ziyarət edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Lənkəran və Astara rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.