Xəstə məhkumların cəza çəkməkdən azad edilməsi sahəsində problemlər üzə çıxıb Cəmiyyət

Xəstə məhkumların cəza çəkməkdən azad edilməsi sahəsində problemlər üzə çıxıb

Müraciətlərin təhlili, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizminin fəaliyyəti çərçivəsində penitensiar müəssisələrə həyata keçirilən başçəkmələrin nəticələri onu göstərir ki, ağır xəstəliklərdən əziyyət çəkən məhkumların cəza çəkməkdən azad edilmələri barədə müraciətlərinə müvafiq komissiyada baxılması, tibbi rəyin verilməsi, habelə məhkəmələrə təqdimatın göndərilməsi ilə bağlı problemlər hələ də qalmaqdadır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Penitensiar müəssisələrdə ölüm halları artmaqdadır

Bu sahədə təhlillərin aparılması məqsədilə ağır xəstəliklərdən əziyyət çəkən məhkumların cəza çəkməkdən azad edilməsi üçün tibb şəhadətləndirilməsi, habelə həmin müəssisələrdə ölüm halları barədə statistik məlumatların təqdim edilməsi ilə bağlı Ombudsman tərəfindən Ədliyyə Nazirliyinə sorğu ilə müraciət olunmuşdur. Əldə edilmiş məlumata əsasən Penitensiar müəssisələrdə 2022-ci ildə 151, 2023-cü ildə isə 169 məhbusun vəfat etdiyi müəyyən edilib. Penitensiar müəssisələrdə saxlanılan həmin şəxslər arasında xəstəliklər səbəbi ilə 2022-ci ildə 146 ölüm halı, 2023-cü ildə isə 163 ölüm halı baş vermişdir ki, bu da müvafiq illər üzrə ümumi ölüm hallarının 96-97%-ini təşkil edib.

Ağır xəstə məhkumların azad edilməsi üzrə statistika

Buna baxmayaraq, ağır xəstəliyə düçar olmuş məhkumların cəza çəkməkdən azad edilməsi məqsədilə tibbi şəhadətləndirilməsi ilə bağlı Tibb Baş İdarəsinin Xüsusi Həkim Ekspert Komissiyasında 2022-ci il ərzində cəmi 24 məhkumun, 2023-cü il ərzində isə 23 məhkumun məsələsi müzakirə olunub və 2022-ci il ərzində cəmi 2 məhkuma, 2023-cü il ərzində isə 5 məhkuma "Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı"nda göstərilən xəstəliklərə uyğunluq barədə rəy verildiyi müəyyən edilib. Eyni zamanda, statistikaya əsasən həmin rəylər üzrə verilmiş təqdimatlar əsasında 2022-ci il ərzində 2 məhkum, 2023-cü il ərzində isə 4 məhkum məhkəmə qərarı ilə cəza çəkməkdən azad olunub.

Göründüyü kimi, iki il ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən məhkəmələrə cəmi 7 təqdimat verilib ki, onlardan da 6-sı məhkəmələr tərəfindən təmin olunub: “Qeyd olunanları diqqətə alaraq, penitensiar müəssisələrdə cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların cəzadan azad olunmalarına dair müraciət etmələri ilə bağlı mümkün məhdudiyyətlərin aradan qaldırılması və onların bu hüququnun effektiv həyata keçilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə cəzanı icra edən müəssisə və ya orqan tərəfindən məhkəmələrə müvafiq təqdimatların göndərilməsində olan problemlərin həlli zəruridir”.