İlkin mediasiya sessiyasının keçirilməsinin tələb olunmayacağı hal müəyyənləşir Cəmiyyət

İlkin mediasiya sessiyasının keçirilməsinin tələb olunmayacağı hal müəyyənləşir

Tərəflər ailə və əmək mübahisələri üzrə mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikləri təqdirdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmayacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mediasiya haqqında” haqqında qanuna təklif edilən dəyişiklikdə əksin tapıb.

Qeyd edək ki, qanunun 29.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının əsas məqsədi mediasiya prosesinin mahiyyətinin, üstünlüklərinin və qaydalarının izah edilməsidir. Məhz tərəflərin mediasiyaya birlikdə müraciət etməsi halı onların artıq mediasiyanın mahiyyəti barədə kifayət qədər məlumatlarının olduğuna gətirib çıxarır. Buna görə də tərəflərin mediasiyaya birlikdə müraciət etdikləri təqdirdə ilkin mediasiya sessiyası keçirilmədən birbaşa sonrakı mediasiya sessiyalarının keçirilməsi təklif edilir.