

“Son ildə Azərbaycanda elm sahəsində irəliləyişlər müşahidə olunub. 2024-cü ilin ilk 8 ayında azərbaycanlı alimlərin "Scopus" elmmetrik verilənlər bazasında dərc etdikləri məqalələrin sayı 1800-dən 2382-yə yüksəlib. Bu məqalələrin 11.2%-i dünyanın ən çox istinad alan 10% elmi işi arasında yer alıb. Eyni zamanda, sahə üzrə istinad təsiri (FWCI) göstəricisi 1.97-ə çatıb. Bu da dünya üzrə orta həddi (1.0) keçərək elmi işlərin öz sahəsi üzrə ortalama 97% daha çox istinad aldığını göstərir. 2024-cü ildə Azərbaycan alimlərinin "Scopus"da dərc etdikləri məqalələrin sayı 4000-ə çatıb. Bu da ötən illə müqayisədə 40%-lik artım deməkdir. "Web of Science" bazasında isə məqalə sayı 52.9% artaraq 2882-ə yüksəlib”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında elm və təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
R.Fikrətoğlu beynəlxalq əməkdaşlıq sahəsində də irəliləyişlər olduğuna diqqət çəkib: “2024-cü ilin ilk 8 ayında beynəlxalq əməkdaşlıq çərçivəsində dərc olunan elmi işlərin sayı 1594-ə (67%) yüksəlib ki, bu da ötən ilin eyni dövründə 856 (47%) idi. 2024-cü ilin sentyabr ayında Azərbaycan Respublikası "Beynəlxalq Etimad Kral Elmlər Akademiyası" (RASIT) tərəfindən 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) "Elmdə Qadın və Qızların Dünya Paytaxtı" elan edilib. Bu müddət ərzində ölkəmizdə qadın və qızların elmi-tədqiqat bacarıqlarının artırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
Ekspert bildirib ki, bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) beynəlxalq elmi əməkdaşlığa xüsusi önəm verməkdədir: “AMEA-nın beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində birgə araşdırmaların maliyyələşməsi, elmin təşviqi və tanınmış alimlərə dəstək kimi prioritetlər müəyyən edilib. Bu əməkdaşlıqlar, xüsusilə Avropa İttifaqının "Horizon" proqramı çərçivəsində, elmi tədqiqatların keyfiyyətinin artırılmasına və beynəlxalq səviyyədə tanınmasına şərait yaradır. Eyni zamanda, Azərbaycan universitetləri xarici təhsil təsisatları ilə əməkdaşlıq təşəbbüsləri həyata keçirir. Bu əməkdaşlıq çərçivəsində birgə tədqiqatlar, elmi əsərlərin hazırlanması, beynəlxalq elmi konfransların təşkili və gənc alimlərin inkişafına yönəlmiş proqramlar planlaşdırılır”.
Sonda o vurğulayıb ki, bütün bu nailiyyətlər Azərbaycanın elm sahəsində beynəlxalq səviyyədə tanınmasına və mövqeyinin güclənməsinə töhfə verir.
Röya İsrafilova