
Tramp Ukraynaya hərbi yardımı bərpa etdi - Təcili
11 Mart 22:49
“Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər”in təsdiq edilib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Tələblərdə dövlət və qeyri-dövlət uşaq müəssisələri dedikdə aşağıdakılar nəzərdə tutulur:
- təhsil müəssisələri;
- sosial xidmət müəssisələri;
- açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri;
- yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələri;
- yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri;
- tibb müəssisələri;
- qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələri.
Müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər qeyd edilən müəssisələr üzrə onların qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə müvafiq olaraq aşağıdakı sahələri əhatə edir:
- müəssisələrdə xidmətlərin təşkili;
- yaşayış şəraiti;
- qidalanma;
- sağlamlığın mühafizəsi;
- təlim-tərbiyə və asudə vaxtın təşkili.
Göstərilən müəssisələrə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.
Bu Tələblər müəssisələrə onların göstərdikləri xidmətlərin həyata keçirilmə formasından (yarımstasionar (günərzi) və ya stasionar) asılı olaraq aid edilir.
Müəssisələrdə göstərilən xidmətlərin təşkilinə dair tələblər aşağıdakılardır:
- müəssisənin müasir tələblər səviyyəsində qurulması və uşaqların əqli, fiziki və psixoloji inkişafının təmin edilməsi üçün uyğun şəraitin yaradılması;
- müəssisədə çalışan işçilərin qanunvericiliyə uyğun ilkin və dövri olaraq icbari tibbi müayinədən keçirilməsi;
- - uşağın müəssisəyə qəbulu, yerdəyişməsi və müəssisəni tərk etməsi ilə əlaqədar müəssisənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə əməl olunması;
- müəssisədaxili intizam qaydalarının uşaqların hüquq və azadlıqları, qanuni maraqları nəzərə alınmaqla hazırlanması;
- uşağın müəssisəyə yerləşdirilməsi zamanı akt tərtib olunarkən uşağın fotoşəklinin aktın üzərinə vurulması və möhürlənməsi;
- valideyn himayəsindən məhrum olmuş uşaqlar haqqında məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əlavə edilməsi ilə bağlı tədbirlər görülməsi;
- uşaqların şəxsi işlərinin mühafizəsinin təmin edilməsi;
- uşaqların fiziki, əqli inkişaf, psixoloji və sosial vəziyyətindəki dəyişikliklərlə bağlı məlumatların (o cümlədən foto və videomaterialların) və sənədlərin şəxsi işə əlavə edilməsinin gecikdirilməməsi;
- müəssisədə infrastrukturun əlilliyi olan uşaqlar üçün müyəssərliyinin təmin edilməsi;
- xidmətlərin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi üzrə müəssisədaxili nəzarətin yaradılması;
- işçilər, könüllülər, təcrübə keçən tələbələr və valideynlər (digər qanuni nümayəndələr) üçün davranış qaydalarının müəyyən edilməsi;
- göstərilən xidmətlərin xüsusi jurnallarda gündəlik qeydiyyatının aparılması;
- göstərilən xidmətlərin səmərəliliyini artırmaq məqsədilə işçi heyətin peşəkarlığının və məsuliyyətinin artırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi;
- uşaqların pozulmuş hüquqları və mənafelərinin bərpası istiqamətində tədbirlərin görülməsi;
- müəssisədə yaradılan şəraitin təhlükəsiz və psixoloji cəhətdən sabit, uşaqların ehtiyac və maraqlarına uyğun təmin edilməsi;
- uşağın onun mənafeyinə zidd olan hallar istisna olmaqla ailə üzvləri, qohumları və dostları ilə ünsiyyətdə olması və onlar haqqında məlumatlar alması üçün ona müvafiq şəraitin yaradılması;
- uşağın fikrinə, şəxsiyyətinə hörmət edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquq və mənafelərinin həyata keçirilməsi və müdafiəsi istiqamətində uşağa köməklik göstərilməsi;
- uşaqlar üçün əlçatan yerlərdə müəssisənin nizamnaməsinin, müəssisədaxili intizam qaydalarının mətnlərinin, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən dövlət orqanları (qurumları) barədə məlumatların (adları, əlaqə imkanları və s.) yerləşdirilməsi;
- uşağın özünümüdafiə mexanizmləri və göstərilən xidmətlərin şərtləri barədə məlumatlandırılması;
- telefon aparatlarından və digər kommunikasiya vasitələrindən (o cümlədən kompüterlərdən) istifadənin müyəssərliyinin təmin edilməsi;
- fövqəladə hallarla bağlı təxliyə planının əlçatanlığının təmin edilməsi;
- müəssisədə işçilərlə və uşaqlarla yanğın zamanı təhlükəsizliyə dair müəyyən edilmiş dövrlər üzrə təlim-məşq toplantılarının və maarifləndirmə tədbirlərinin keçirilməsi;
- uşağın fərdi məlumatlarının “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toplanılması, işlənilməsi və mühafizəsi;
- sosial xidmətin göstərilməsi və sosial reabilitasiyanın təşkili məqsədilə hər bir uşaq üçün fərdi planın hazırlanmasının təmin edilməsi.
Müəssisələrdə yaşayış şəraitinə dair tələblər aşağıdakılardır:
- yaşayış sahəsinin adambaşına düşən sahəsinin hər bir müəssisə üçün qanunvericiliklə müəyyən edilmiş normalara uyğunluğu;
- otaqların səliqəli və təmiz olması, uşaqların maraqlarına uyğun lazımi avadanlıqla təchiz edilməsi;
- hər bir uşaq üçün ayrıca çarpayı, təmiz yataq dəsti, paltarların saxlanması üçün dolabın olması;
- ayrıca paltardəyişmə otağının olması;
- yataq otaqlarının uşaqların yaşı, cinsi (5 yaşdan yuxarı uşaqlar üçün) və digər xüsusiyyətləri nəzərə alınmaqla təchiz edilməsi;
- fərdi və qrup məşğələləri üçün otaqların olması;
- otaqların işıqlı, mövsümdən asılı olaraq isti və ya sərin olması, eləcə də havalandırma və mühəndis-kommunikasiya sisteminin dayanıqlı və fasiləsiz təchizatı;
- müəssisədə camaşırxana otağının mövcudluğunun təmin edilməsi, camaşırların kifayət qədər havalandırılması, təmiz və səliqəli saxlanılması;
- uşaqların mövsümi geyim əşyaları ilə, məktəb yaşında olan uşaqların məktəbli forması, dərslik və dərs ləvazimatları ilə təchiz edilməsi;
- iqlim şəraiti nəzərə alınmaqla, qış geyimlərinin ən geci oktyabr, yay geyimlərinin isə ən geci may ayında uşaqlara aid dolablara yerləşdirilməsi;
- bütün otaqların gün ərzində 2 dəfə yuyucu vasitələrlə təmizlənməsi;
- pilləkən və eyvanların məhəccərinin olması;
- müəssisədə yanğından mühafizə, sanitariya-gigiyena və əksepidemik rejimin norma və qaydalarına riayət edilməsi;
- müəssisədə uşağın nəqliyyatın hərəkətinin gur olduğu küçəyə, magistral yola, su təsərrüfatı obyektlərinə və ya digər təhlükəli ərazilərə getməsinin qarşısını alan hasar, yaxud maneənin olması;
- müəssisədə baş vermiş hadisə, qəza və bununla bağlı görülən tədbirlərin qeydiyyatının aparılması;
- məişət tullantılarının bunun üçün ayrılmış bağlı konteynerlərdə saxlanılması və gün ərzində ən azı bir dəfə olmaqla konteynerlərin boşaldılması;
- müəssisədə uşaqların təhlükəsizliyinə xələl gətirə bilən təhlükə mənbəyinin olmaması, bütövlükdə müəssisələrin ətrafında olan həyət, zirzəmi, mansard (girişi açıq olan), çardaq, qaraj, üstü açıq quyu (hovuz) və ya anbar ərazisinin uşaqların təhlükəsizliyi baxımından yoxlanılması.