Azərbaycanda çoxuşaqlı ailələrə dair meyara yenidən baxılması təklif edilir Cəmiyyət

Azərbaycanda çoxuşaqlı ailələrə dair meyara yenidən baxılması təklif edilir

Azərbaycanda 3 və daha artıq uşaqlı ailələrin sayı getdikcə azalır.

APA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

“Konstitusiyada da var ki, dövlət çoxuşaqlı ailələrə dəstək göstərir. Bu gün ailənin çoxuşaqlı statusu alması üçün 5 və 5-dən çox uşaq olması nəzərdə tutulur. Biz gələcəkdə çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericilikdə bu meyarları gözdən keçirməliyik.

Bununla yanaşı, doğulan uşaqların cins nisbətində ciddi problemlər var. Bu bizi düşündürür, bu istiqamətdə qanunvericilik təkmilləşdirilməlidir. Abortların sayının artması da ciddi məsələdir, bunun da özünməxsus xüsusiyyətləri var. Bu, demoqrafik inkişafa çox ciddi təsir göstərir”, - deyə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri qeyd edib.