Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platforması istifadəyə verilir Cəmiyyət

Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platforması istifadəyə verilir

“Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın demo versiyada istifadəyə verilir və ilkin nəticə üçün müxtəlif yaş kateqoriyalarından 2000 nəfərin nəticəsi lazımdır.

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən deyib.

Artıq imtahanın sınaq versiyasının onlayn platformasının hazır olduğunu qeyd edən sədr imtahan modelinin dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib.

"2024-cü ildə imtahanın müəllif hüquqları alınıb. Avropa Şurasının rəsmi səhifəsinə ümum-Avropa çərçivə sənədi əsasında hazırlanmış Azərbaycan dili imtahanı haqqında sənəd əlavə edildi və proqram qəbul olundu", - DİM sədri əlavə edib.

M.Abbaszadə vurğulayıb ki, imtahan kompüter əsaslıdır: "Platforma bu gündən etibarən Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində sınaq müddətinə istifadəyə verilir. Sınaq prosesinin məqsədi imtahanının effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir".