Var olsun, MƏŞHƏDİ! Cəmiyyət

Var olsun, MƏŞHƏDİ!

Aqil Abbas- 72

Hər şeydən əvvəl o, Allahdan qorxan adamdır, imanlı bəndədir. Zarafat deyil, imanı onu Məşhədə- İmam Rzanın hərəminə qədər aparıb çıxarıb və MƏŞHƏDİ statusunu qazandırıb. Məşhədi Aqil Abbası deyirəm. Yaxşı adamdır, niyəti saf, mayası təmiz. Milyonlara həris deyil, səyahət etməyə, sağlamlığını qorumağa, ərzaq almağa, bir də yardım diləyən fəqir-füqürə verməyə ehtiyat pulu vardırsa nikbindir…
Məşhədi xərabət əhli deyil, yaratmağa, sözdən çələng toxumağa meyillidir- abadlıq aşiqidir…
Məşhədi qorxmaz adamdır, nə qədər qocalsa da, nadana şapalaq vurmağa əli, zorun üstünə yeriməyə hünəri də var…
Məşhədi müdrik məşhədilərdəndir, bığla saqqalın yerini yaxşı bilir. Hər ikisinə də diqqətlidir…
Ağdamlıların sözü olmasın, məşhədi Aqil Abbas - Qaqadır. Dəlidolu, çılğın, bir sözlə, canlara dəyən qaqa. Pisi yaxşıdan, yaxşını pisdən ayıra bilir…
Məşhədi yenə də deputatdır. Qazaxlıların sözü olmasın- “adam qazaxlı olmayıb haralı olasıdır?” İndi qazaxlıların dediyi kimi- deputat Aqil Abbas olmayıb, kim olasıdır ki? Ağdamın bu şanlı oğlunun halal haqqıdır…
Və nəhayət, aprelin 1-i Məşhədi Aqil Abbasıın 72 yaşı tamam olur. Aprelin 1-i isə Ümumdünya Gülüş Günüdür. Mən də çalışıdım ki, Məşhədinin ad günündə bu təbriki oxuyub, dodağı qaçsın, çöhrəsinə təbəssüm qonsun...
Var olsun, Məşhədi!
Çox yaşasın, Məşhədi Aqil Abbas!

Hörmətlə, Elman Eldaroğlu