
Azərbaycan və Çin arasında 13 sənəd imzalandı
17 Aprel 19:29
Bank müştərilərinə qarşı kiberdələduzluq halları günümüzün əsas
problemlərindən birinə çevrilib. Demək olar ki, hər gün kimsə dələduzlara
inanıb fərdi məlumatlarının onların əlinə keçməsinə şərait yaradır və sonra da
bunun ziyanını çəkir.
Etibarlı bankınız ABB müştəriləri belə vəziyyətlərdən qorumaq, onları bu
mövzuda mümkün qədər maarifləndirmək üçün gündəlik təcrübədə ən çox təsadüf
edilən kiberdələduzluq hallarının siyahısını hazırlayıb.
Oxuyaq, mümkün qədər paylaşaq, özümüzü də qoruyaq, başqalarını da...
1. Bank işçisi adından zəng gələndə sayıqlığı itirməyin!
Bir çox hallarda dələduzlar bank işçisi adı ilə zəng edirlər. "Bank tərəfindən
hansısa şübhəli əməliyyatın aşkarlanması", yaxud "Sistemdə çətinliklərin
yaranması" bəhanəsi ilə guya hesabdakı pullarınızı qorumaqdan ötrü sizdən
məxfi məlumatlarınızı istəyirlər. Eşidin, amma inanmayın. Bu məlumatları
(kartın üzərindəki 16 rəqəmi), CVV və ya CVC kodunu, SMS-lə daxil olan OTP
kodunu, yaxud "Onlayn bank"a giriş şifrənizi) heç bir halda kiminləsə
bölüşməyin. Bilin ki, həmin məlumatların hamısı banklarda var. Ehtiyac
yarananda, bank işçisi sizə zəng etmədən də özü bütün lazımi əməliyyatları
həyata keçirə bilir.
Dələduzluq əməllərinə şübhə yarandıqda bank əməkdaşı çox az xüsusi hallarda
müştəriyə zəng edə bilər. Amma bu zaman yalnız müvafiq əməliyyatın məhz
müştərinin özü tərəfindən həyata keçirilib-keçirilmədiyi soruşulur. Hansısa
rəqəmlərin və ya kodların təqdim edilməsi isə qəti şəkildə istənilmir. Əgər
kimsə bu məlumatları da öyrənmək istəyirsə, bilin və agah olun ki, bank
əməkdaşı ilə yox, dələduzla danışırsınız.
2. Yaxınlarınızdan təcili pul xahişi gələndə dəqiqləşdirmə aparın!
Müəyyən hallarda dələduzlar ayrı-ayrı şəxslərin “WhatsApp”, “Telegram”,
“Instagram” və başqa sosial şəbəkə hesablarını ələ keçirib onların hesabından
yaxın adamlara yazmağa başlayırlar. Çətin vəziyyətdə olduqlarını, təcili
olaraq pula ehtiyaclarının yarandığını bildirib, müvafiq kart nömrəsinə vəsait
göndərilməsini xahiş edirlər. Belə hallarla rastlaşanda mütləq diqqətli olun!
Necə? Sizə yazmış şəxsin mobil nömrəsinə zəng edin. Dəqiqləşdirib görün, yazan
həmin şəxsin özüdür, ya yox?! Hətta mobil nömrədən gələn bu məzmunda zənglərə
də dərhal inanmayın. Ola bilər ki, dələduzlar Sizi həyəcanlandırıb,
təşvişinizdən istifadə etmək istəyirlər.
3. Hesabınıza səhvən pul köçürdüyünü deyənlərə inanmayın!
Bu da tez-tez istifadə edilən tələdir. Bəzən müştəriyə zəng edib, yaxud SMS
göndərib iddia edirlər ki, guya hesabınıza səhvən pul köçürüblər və indi həmin
məbləği geri qaytarmaq lazımdır. Bilin ki, bu, bir dələduzluq üsuludur. Pulu
köçürsəniz, onu geri qaytarmaq mümkün olmayacaq. Balansınızı yoxlamadan, daha
sonra bankla əlaqə saxlamadan həmin şəxslərə heç bir köçürmə əməliyyatı
etməyin.
4. Endirim və hədiyyə təkliflərini araşdırın!
Sosial şəbəkələrdə cərimə ilə bağlı endirimlər, şirnikləndirici investisiya
imkanları, ucuz qiymətə elektronika məhsulları, təyyarə biletləri, hədiyyə
kartları, filmlərə rəy yazaraq qazanc imkanları və s. ilə bağlı təkliflər
görəndə mütləq əlavə araşdırmalar aparın. Həmin fürsətləri təqdim edən
qurumların rəsmi veb-səhifələrinə baxın.
5. Hər “xoş xəbər”ə sevinməyin!
Bir də görürsünüz, sizə zəng edib, ya da SMS, sosial media hesablarınızdan
mesaj göndərib, təbrik edib lotereya qalibi olduğunuzu, hansısa uduşlu oyunda
hədiyyə qazandığınızı deyirlər. Sonra isə hədiyyə məbləğini hesabınıza
köçürmək üçün məxfi məlumatlarınızı istəyirlər. Təbrikə görə təşəkkür edib,
bildirin ki, bununla bağlı əvvəlcə bankınıza məlumat verməlisiniz. Və dərhal
sağollaşıb bankla əlaqə saxlayın.
6. Şübhəli lotereya oyunlarına qoşulmayın!
Hərdən də sizə elektron məktub və ya SMS-lə link göndərib təklif edirlər ki,
lotereya, yaxud mərc oyununa, uduş kampaniyasına qoşulasınız. İnternetdə də
tez-tez bu cür reklamlar rastınıza çıxır. Bu anlarda son dərəcə diqqətli olun.
Araşdırmadan əsla bu linklərə keçid etməyin. Çünki onların çoxu saxtadır.
Şəxsi məlumatlarınızı bura daxil etməklə qalib olmaq şansı qazanmırsınız, öz
məlumatlarınızı dələduzlarla bölüşürsünüz. Üstəlik, bəzi oyunlarda iştirak
üçün müəyyən məbləğdə ödəniş də istəyə bilərlər.
7. Mobil cihazınızı qoruyun!
"Google Play", "App Store"-dan yalnız rəsmi tətbiqləri yükləyin. İnternetdə
alış-veriş üçün pul ödəyərkən veb-saytların ünvanını diqqətlə yoxlayın. Domen
adı saytın rəsmi adı ilə tam uyğun gəlmirsə, məlumatları qətiyyən daxil
etməyin. Bu, təhlükəlidir. Yaxşı olar ki, brauzerdə saxta saytların
bloklanması funksiyasını da aktivləşdirəsiniz.
Özünü hər hansı təşkilatın əməkdaşı olaraq təqdim edib, cihazınıza mobil
tətbiq yüklətdirmək istəyən şəxslərdən də uzaq durun. Cihazınızı kənar
şəxslərə verməyin. Əgər cihazınıza rəsmi mənbələrdən yüklənməyən tətbiqlər
yüklənibsə, onları dərhal silin. Yoxsa cihazınızın idarəetməsi, daxil
etdiyiniz kart məlumatları, şifrələr, sosial şəbəkə hesablarınız başqa əllərə
keçə bilər. Mobil cihazınıza qəfildən belə bir tətbiqin yükləndiyini görsəniz
və cihazınızın idarəetməsini itirsəniz, dərhal WiFi şəbəkəsini söndürün. Əgər
internetə GSM-lə bağlanmısınızsa, SİM kartı cəld cihazınızdan çıxarın.
8. Təhlükəsiz internet şəbəkəsinə qoşulun!
Onlayn bank xidmətlərindən ictimai WiFi şəbəkəsində (məsələn,
kafe-restoranlarda, parklarda, ictimai nəqliyyatda və s.) istifadə etməyin.
Başqa şəxslərə aid kompüterlərdən, mobil cihazlardan da bank hesablarınıza
daxil olmayın. Həmişə təhlükəsiz internet bağlantısı seçdiyinizə əmin olun.
9. Şirnikləndirici alış təkliflərinə aldanmayın!
Elan saytlarında satış elanı yerləşdirmisiniz?! Xeyirli olsun! Amma satdığınız
əmlakın, əşyanın yalnız internetdə şəklini görüb beh ödənişi üçün kart
məlumatlarınızı istəyən şəxslərdən uzaq durun. Bu məlumatları onlarla
bölüşməyin. Real alıcıdırsa, yerində baxıb ödənişini edəcək. Kimsə satdığınız
əmlakın, əşyanın sadəcə şəklinə baxıb alış qərarı verirsə, üstəlik beh ödəmək
üçün kart məlumatlarınızı istəyirsə, dərhal düşünün ki, siz özünüz belə
edərdinizmi?! Əgər belələri varsa, deməli, bu, fırıldaq ola bilər.
10. Hesabınızı nəzarətdə saxlayın!
Bankın mobil tətbiqini yükləyib istifadə edin. Kart, depozit və digər
hesablarınız üzrə əməliyyat tarixçələrini mütəmadi yoxlayın. 3D təhlükəsizlik
xidmətinin aktivliyinə əmin olun. Əməliyyatlar haqqında anında məlumat almaq
üçün SMS-bildiriş xidmətini aktivləşdirməyiniz də məqsədəuyğundur. Əgər
özünüzün həyata keçirmədiyiniz, yaxud məlumatınız olmayan hansısa əməliyyat
cəhdləri barədə bildirişlər alırsınızsa, mobil tətbiq vasitəsilə dərhal kartı
bloklaşdırın və banka bu barədə məlumat verin.
11. Bankın sizdən hansı məlumatları istəyə biləcəyindən agah olun!
Bank işçisi istənilən telefon söhbəti zamanı müştərilərdən yalnız müştəri
eyniləşdirməsi üçün lazım olan az sayda məlumatları istəyə bilər. Bura
daxildir: müştərinin bank identifikasiya kodu (CİF), kartın ilk və ya son 4
rəqəmi, sistemdə qeydiyyatda olan əlaqə nömrəsi, şəxsiyyət vəsiqəsinin FİN
kodu və s. Bundan başqa, bank əməkdaşı sizdən heç bir məlumat istəmir.
Bank, şəxsi məlumatlarınızı daxil etmək üçün heç bir forma/link, şəxsi
məlumatların təsdiqlənməsi, yenilənməsi və ya təqdim edilməsi tələbi ilə SMS,
yaxud elektron məktub da göndərmir. Bank işçiləri heç vaxt müştərilərdən məxfi
məlumatları (kartın tam nömrəsi, PİN, SMS və CVV/CVC kodları və s.) istəmir və
kartlarla əməliyyatların aparılmasını tələb etmirlər.
Müştəri xidmətləri strukturlarında mobil nömrə dəyişikliyi zamanı düzgün
nömrənin qeyd edilməsini yoxlamaqdan ötrü sizə birdəfəlik şifrə (OTP)
göndərilə bilər. Bu halda əməliyyatçı yalnız yeni təyin edilən mobil nömrəyə
daxil olan birdəfəlik şifrəni səsləndirməyinizi istəyəcək.
12. ABB mobile tətbiqindən istifadə edin!
Çünki ABB mobile tətbiqi Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO:IEC
27001:2022 təhlükəsizlik sertifikatına malikdir. Tətbiq müştəri kimliyinin
identifikasiyası və maliyyə əməliyyatlarının təhlükəsizliyini təmin edən
beynəxalq sistemlərdən istifadə edir. Telefona viruslar, zərərli proqramlar
daxil olduqda bu sistemlər onların ABB mobile-a keçidinin qarşısını alır, bank
məlumatlarının dələduzların əlinə keçməsinə imkan vermir. Sistem zərərli
cəhdləri də bloklaşdırır, müştərinin cihazını avtorizə edilməmiş kənar zərərli
müdaxilələrdən qoruyur.
Bundan başqa, bank adından satış məqsədli zənglər ediləndə hər zəngdən əvvəl
müştərinin mobil telefonunda belə bir zəngin ediləcəyi barədə bildiriş
görünür. Beləliklə, müştəri zəngin bankdan edildiyinə tam əmin olandan sonra
ona cavab verə bilir. ABB mobile-da qeydiyyat zamanı da artıq ikili qoruma
mexanizmi tətbiq edilir. Qeydiyyatdan keçmək istəyən hər kəs kimliyini FİN
kodu ilə yanaşı, SİMA imzası ilə də təsdiqləyir. Bu isə gələcəkdə mümkün
dələduzluq cəhdlərinin qarşısını alır.