Xəzər dayazlaşır, alternativ marşrutlar axtarılır Cəmiyyət

Xəzər dayazlaşır, alternativ marşrutlar axtarılır

Xəzər hövzəsinin sahilyanı dövlətlərinin dəniz limanları üçün onların stabil fəaliyyətini təmin edən əsas amil Xəzər dənizinin səviyyəsidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Aktau Dəniz Ticarət Limanı” Milli Şirkəti Səhmdar Cəmiyyətinin Kommersiya şöbəsinin rəisi Anuar Nemışov bildirib.

Onun sözlərinə görə, son 18 il ərzində Xəzər dənizinin səviyyəsində davamlı azalma müşahidə olunur.

“Aktau limanında suyun səviyyəsi 1,7 metr aşağı düşüb və azalmaqda davam edir. Bu, liman körpülərinin, gəmiçilik marşrutlarının, akvatoriyaların, hidrotexniki qurğuların istismar xüsusiyyətlərinə, habelə naviqasiyanın təhlükəsizliyinə mənfi təsir göstərir”, - deyə o bildirib.

Anuar Nemışov deyib ki, bununla əlaqədar Aktau limanında quru yük gəmiləri 600-1300 ton, neft tankerləri isə 2000-2500 ton az yüklənir.

“Gəmilərin yüklənməsinin azalması, şübhəsiz ki, dəniz nəqliyyatının rentabelliyinə təsir edir və yük axınlarının alternativ marşrutlara yönləndirilməsi risklərini yaradır. Naviqasiyanın təhlükəsizliyini və gəmilərin tam yüklənməsini təmin etmək üçün dərinləşdirmə işləri aparılmalıdır”, - deyə o söyləyib.