
Ərdoğan açıqladı: Azərbaycan və Pakistanla birgə...
22 Aprel 23:33
“Təsadüf” sözündən xoşu gəlmir. Ondan ötrü, belə bir anlam yoxdur, bunu insanlar uydurublar. Düşünür ki, hər şey Allahın iradəsi ilə zəruriyyətdən baş verir. Özünü dərk edəndən, hər gün yuxudan duranda əlini göyə qaldırıb, Allaha dəfələrlə şükr etməyə adət edib. Hesab edir ki, şeir Allahın möcüzəsidir, heyrətləndirmək bacarığıdır. Bir də deyir ki, şeir bəxtəvərlikdən doğula bilməz, ağrı-acıdan, sevincdən doğulur...
“Allah yeri, göyü yaradanda insanı bütün yaratdıqlarından ağıl və şüuruna görə fərqləndirib. Tutalım dünyanın bütün insanları ağıllı olsaydı dünya maraqsız, rəngsiz olmazdımı? Demək, Allah belə istəyir. Ağılsızları dünyaya rəng qatmaq üçün yaradıb.”- söyləyir.
Ömrünün ixtiyar çağlarını yaşayır. Yaşının xeyli olmasına baxmayaraq təpərini, aktivliyini hələ də itirməyib. Kənardan baxanlar bəlkə də onu bəxtəvər sanırlar, amma o, öz taleyi ilə hələ də barışmayıb. Ömrünün böyük bir parçası xidmətdə keçib. Polis polkovniki rütbəsinədək yüksələ bilib...
Deyir ki:- “Dünyaşöhrətli Enşteynə sual veriblər ki, ikinci dəfə dünyaya gəlsəydiniz yenə də fizik olardınızmı? Böyük alim cavabında nə desə yaxşıdır- xeyr, ikinci dəfə dünyaya gəlsəydim, Allahın düşüncə biçimini öyrənərdim...”
Onun həyatda iki Tanrısı var: Biri bütün aləmlərin sahibi Allahdır, biri də anası olub. Anası soyuq bir qış günündə vəfat etdib. Bunun üçün də QIŞI sevmir, onunla barışa bilmir, anasının qənimi sanır. Ağlamağın “gözəli” də olduğunu iddia edir...
“Dəhşətli dərəcədə anama bağlı idim. Anamı dəfn edəndə, məzarını qucaqlayıb ilk dəfə “gözəl” ağladım. Uşaqlıqdan indiyədək heç vaxt elə ağlamamışam. Bu gün də həsrətlə onun yolunu gözləyirəm. Elə bilirəm ki, bir gün geri dönəcək.”- söyləyir.
Düşünür ki, ürək ancaq sevgi və məhəbbət istehsal etməlidir. Mütamadi, hər gün. Kin-kudurətə orada yer olmamalıdır. Ona görə də insanlarla mehriban, mülayim rəftar edir, qayğılarına qalır. Bu yerdə, onun qələmə aldığı şeirdən bir bəndi sizinlə də bölüşmək istəyirəm:
“Təpəyə zirvəsən deyirəm bəzən,
Yamac inciyəndə deyirəm, dağsan.
Gözündə həyatın işığı sönən,
Xəstəyə deyirəm, sağalacaqsan!..”
Az qala unutmuşdum, bu dəfəki söhbətimin qəhrəmanı- şair, publisist Fəxrəddin Teyyubdur. O, 1950-ci ildə Lənkəranın Şıxakəran kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra indiki İqtisad universitetinə qiyabi qəbul olunub. Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Polis polkovniki rütbəsinə qədər yüksəlib. Arada ikinci təhsil kimi Polis Akademiyasını da bitirib. 2005–ci ildən təqaüddədir...
Deyir ki:- “Uşaq vaxtı atam söyləyərdi: Həyat əjdahadır, ağzını açıb ovunu gözləyir və zəif adamı tez udur. Elə bil, o adda, o biçimdə adam heç vaxt olmayıb...”
Bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. İlk şeiri 22 yaşında Lənkəranın o vaxtki “Leninçi” qəzetində işıq üzü görüb. Sonra zaman-zaman “Azərbaycan”, “Ulduz”, “Litereturnıy Azerbaydjan” junallarında, “Ədəbiyyat qəzeti”ndə və digər mətbu orqanlarda, xarici ölkələrin ədəbiyyat dərgiləri və almanaxlarında dərc olunub. Beş şeir kitabının müəllifidir. Yaradıcılığı- şeirləri haqqında ölkənin bir sıra ədəbiyyatşünasları dövrü mətbuatda dəfələrlə çıxış ediblər...
“Qayğılı olanda bilmirəm niyə,
Ayrı cür görürəm çölü, çəməni.
Gərək kimsə xətrimə dəyə,
Könlümə toxuna, incidə məni.
Onda başlayıram şeir yazmağa...”
-deyən şairin aprelin 23-də nə az, nə çox 75 yaşı tamam olur. 75 yaşında kişiyə nə arzulamaq olar? Can sağlığı, can sağlığı, can sağlığı!..
Hörmətlə, Elman Eldaroğlu