

Aprelin 23-də Azərbaycanda Atatürk Mərkəzində görkəmli qazax yazıçısı Muxtar Auezovun Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunan “Abay” kitabının təqdimatı olub. Atatürk Mərkəzi və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən təqdimatda Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Muxtar Auezovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verərək, onun “Abay” romanında türk xalqlarının ortaq mənəvi dünyasını əks etdirdiyini vurğulayıb. O, Muxtar Auezovun “Abay” əsərinin yalnız qazax ədəbiyyatının deyil, ümumtürk dünyasının müstəsna bədii irs nümunələrindən biri olduğunu qeyd edib. Akademik diqqətə çatdırıb ki, əsər təkcə Qazaxıstan üçün deyil, bütün türk dünyası üçün dərin fəlsəfi və tarixi əhəmiyyət daşıyır.
Nizami Cəfərovun sözlərinə görə, bu təqdimat mərasimi Azərbaycan ilə Qazaxıstan arasında mədəni əlaqələrin daha da inkişafına mühüm töhfə verir, ortaq tarixi və ədəbi dəyərlərimizin paylaşılmasında əhəmiyyətli rol oynayır.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev bugünkü tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, “Abay” əsəri bütün türk dünyasının ortaq dəyəridir. O qeyd edib ki, Auezovun yaradıcılığı təkcə Qazaxıstan ədəbiyyatı ilə məhdudlaşmır, bu əsərlər bütün türk dünyasının ədəbi və mədəni sərvətidir.
Şahin Mustafayev, eyni zamanda rəhbərlik etdiyi Beynəlxalq Türk Akademiyasının fəaliyyəti, əsas məqsəd və vəzifələri haqqında da danışıb. Bildirib ki, Akademiyanın əsas missiyası türk dünyasının ortaq tarixini, dilini və mədəniyyətini araşdırmaq, bu dəyərləri gələcək nəsillərə çatdırmaq və türk xalqları arasında elmi-mədəni əməkdaşlığı gücləndirməkdir.
Şahin Mustafayev çıxışında qeyd edib ki, Beynəlxalq Türk Akademiyası tərəfindən bir sıra tanınmış ziyalıların, o cümlədən Abbasqulu ağa Bakıxanovun və Bəkir Çobanzadənin əsərləri müxtəlif türk dillərinə tərcümə olunub. Bu təşəbbüslər ortaq ədəbi irsin paylaşılmasında və mədəni inteqrasiyanın dərinləşdirilməsində mühüm rol oynayır.
Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel “Abay” romanının Azərbaycan oxucusuna təqdim olunmasını ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirib.
Səfir vurğulayıb ki, Azərbaycan və Qazaxıstan ortaq tarixi, dili və mədəni köklərə malik ölkələrdir və bu kimi təşəbbüslər bu birliyin daha da güclənməsinə, xalqlar arasında qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa, Hikmət Babaoğlu və digərləri əsərin nəinki ədəbi, həm də ideoloji baxımdan türk dünyası üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, əsərdə təkcə Abay Kunanbayevin həyatı deyil, eyni zamanda, türk xalqlarının ortaq taleyi, milli oyanış və maarifçilik ideyaları əks olunub.
Natiqlər bu cür nəşrlərin xalqlar arasında mədəni körpülər yaratdığını və ortaq mənəvi irsin qorunmasına xidmət etdiyini vurğulayıblar.