

28 Aprel 19:27
Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan qızların psixoloji qiymətləndirilməsi aparılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, sığınacağa yerləşdirilən yetkinlik yaşına çatmayan qızlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və psixoloqun iştirakı ilə aparılan ilkin söhbətlər zamanı onlarla və ailə üzvləri ilə psixososial işlərin aparılmasının zəruriliyi müəyyən edilib.
"Arzu etdikləri təqdirdə onların müvafiq peşəyə yönəldilməsi istiqamətində də lazımi tədbirlər görüləcək. İstintaq prosesi davam etdiyi üçün hadisənin detalları ilə bağlı əlavə məlumatın verilməsi zəruri hesab edilmir", - qeyd olunub.
Qeyd edək ki, aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.
Yeniyetmə qızlar hazırda "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağındadır.
Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.