“Bu Platforma üzv təşkilatlar arasında təcrübə və məlumat mübadiləsini asanlaşdıracaq” Cəmiyyət

“Bu Platforma üzv təşkilatlar arasında təcrübə və məlumat mübadiləsini asanlaşdıracaq”

“Bu gün Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib. Bakıda 110-dan artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunur. Qlobal Cənub QHT Platformasının əsas məqsədi Qlobal Cənub ölkələrindən olan qeyri-hökumət təşkilatlarını (QHT-ləri) bir araya gətirmək, onların beynəlxalq səviyyədə səsini daha güclü çatdırmaq və qlobal qərarvermə mexanizmlərində iştirak imkanlarını artırmaqdır”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

F.Əkbərov əlavə edib ki, bu Platforma, Cənub ölkələrinin QHT-lərinin öz maraqlarını və problemlərini daha fəal şəkildə müdafiə etməsi üçün imkan yaradacaq, üzv təşkilatlar arasında təcrübə və məlumat mübadiləsi asanlaşacaq: “Eyni zamanda, əsas qlobal məsələlərdə, məsələn, iqlim dəyişikliyi, insan hüquqları, inkişaf yardımları və digər sahələrdə ortaq mövqelərlə çıxış ediləcək. Qlobal Cənub QHT Platforması isə Latın Amerikası, Afrika, Asiya və Sakit Okean bölgəsi ölkələrinin qeyri-hökumət təşkilatlarının birgə səsini beynəlxalq platformalarda daha güclü eşitdirməyə çalışır. Bu platforma vasitəsilə müxtəlif ölkələrin və regionların QHT-ləri öz təcrübələrini, bacarıqlarını və resurslarını paylaşır, bir-birindən öyrənir, daha effektiv fəaliyyət göstərə bilirlər”.

Röya İsrafilova