

“Nazirlər Kabinetinin 330 nömrəli qərarı var. Rezidenturanı dövlət sifarişi əsasında təhsil alıb bitirən məzunlar dövlət müəssisələrində 3 il işləmək üçün göndərilir”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.
O bildirib ki, bununla bağlı əmək müqaviləsi bağlanır: “Rezidentura məzunlarının hamısına təyinat verilir. Lakin bu məsələdə bir qədər problemlərlə qarşılaşırıq. Həkim-mütəxəssislər bəzən təyinat yerlərinə getmir, bəziləri isə gedəndən sonra orada uzun müddət qalıb işləmir. Vakansiyalar isə, əsasən, bölgələrdədir. Burada çətinliklərlə qarşılaşırıq. Nazirlər Kabinetinin qərarında stimullaşdırıcı tədbirlər olsa da, bu qərara dəyişiklik, stimullaşdırıcı tədbirlərin gücləndirilməsi məsələsinə baxılmalıdır”.