Üsküdar Universitetinin rektoru BDU-nun Jurnalistika fakültəsində olub Cəmiyyət

Üsküdar Universitetinin rektoru BDU-nun Jurnalistika fakültəsində olub

Türkiyənin Üsküdar Universitetinin rektoru professor Nazife Güngör Azərbaycana səfəri çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Jurnalistika fakültəsinin dekanı dosent Vüqar Əliyev BDU ilə Üsküdar Universiteti arasında əməkdaşlığın günü-gündən inkişaf etdiyini və bu əlaqələrin təhsil, elmi tədqiqat sahələri, birgə elmi seminar və konfransların keçirilməsini əhatə etdiyini deyib. Həmçinin bildirib ki, qarşıdakı həftələrdə BDU və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Nazife Güngör informasiya, məlumat sıxlığının olduğu bir cəmiyyətdə jurnalistlərin üzərinə böyük yük düşdüyünü bildirib. Qeyd edib ki, müasir dövrdə media alətləri olduqca çoxdur, bunun müsbət cəhətləri ilə yanaşı, zərərli tərəfləri də var. Amma jurnalistlərin əsas peşəkarlığı doğrunu yanlışdan ayıra bilməkdədir. Yalnız bu halda informasiyalı cəmiyyətin tələbinə cavab vermək mümkündür: “Hazırda əksər hallarda məlumatlar dəqiqliyi yoxlanılmadan sürətlə yayılır. Gənc jurnalistlər təqdim etdikləri məlumatda faktların doğruluğundan əmin olmalıdırlar. Əks halda həmin media sürət dövründə geri qala və qeyri-dəqiq mənbəyə çevrilə bilər. Xüsusilə media alətləri içərisində adi insanların məlumatları sürətlə yaydığı və əldə etdiyi sosial media şəbəkələrinə nəzarət etmək çox çətindir. İstər dövlət, istərsə də özəl nəzarət funksiyası bu sürətlə ayaqlaşa bilmir”.

Görüş gənc jurnalistlərin qardaş ölkənin media təcrübəsinə dair suallarının cavablandırılması ilə müzakirə formatında davam edib.