Vərziğanda gərginlik: Etirazları yatırmaq üçün bölgəyə xüsusi təyinatlı qüvvələr yeridilib Güney Azərbaycan

Vərziğanda gərginlik: Etirazları yatırmaq üçün bölgəyə xüsusi təyinatlı qüvvələr yeridilib

Şərqi Azərbaycan əyalətinin Vərzian bölgəsində Süngün mis mədəninin işçilərinin tətil aksiyası davam edir.

Aksiyanın 3-cü günündə bölgəyə çox sayda xüsusi təyinatlı qüvvələrin yeridildiyi bildirilir.

İnsan haqları təşkilatları və işçi hərəkatı fəalları azərbaycanlı mədənçilərinin kütləvi həbsi ehtimalı barədə xəbərdarlıq ediblər.

İşçi hərəkatı fəalları azərbaycanlı mədənçilərin tətil aksiyasının iyulun 7-də də davam etdiyini, 1200 işçinin gecəni mədən ərazisində açıq havada keçirdiklərini deyirlər.

Fəallar iyulun 6-da Vəliullah Mahmudi və Ərşəd Kazimpurun həbsindən sonra bu gün Cəfər Abbaspur, Mehrdad Münfərid və Xudayi adlı daha 3 etirazçının saxlanıldığını bildirirlər.

Məlumatda İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan narazı mədənçilərin Əhər zindanına aparıldıqları qeyd olunub.

Qeyd edək ki, Süngün mis mədənində çalışanların 60%-dən çoxu minimum əmək hüququ olmayan müqaviləli işçilərdir.

İşçilər, iş təhlükəsizliyi olmadığı, müvəqqəti müqavilələrlə işlədikləri və iş təsnifat planının yerinə yetirilmədiyindən podratçılar tərəfindən istismar edildiklərini deyirlər.

Tətil aksiyasına əl atan işçilərin 15-20 ildən çox iş təcrübəsi var. Onların əksəriyyəti 3 aylıq müvəqqəti müqavilə ilə işləyir və mədəndə iş şəraitinin çox ağır olmasına baxmayaraq, orta hesabla 5-7 milyon tümən (150-220 dollar) əməkhaqqı alırlar.

Süngün mis mədəni Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindən 130 km aralıda, Varzğanın dağıdılmış Süngün kəndində yerləşir.

İranın mis ehtiyatlarının 40%-dən çoxunun burada, Yaxın Şərqin ən böyük mis mədənində olduğu deyilir.

Gunaz.tv