Güneyli alimin həyat yoldaşı İsveçin xarici işlər naziri ilə görüşdü Güney Azərbaycan

Güneyli alimin həyat yoldaşı İsveçin xarici işlər naziri ilə görüşdü

Hazırda Tehranın Evin həbsxanasında edam hökmü altında saxlanılan güney azərbaycanlı alim Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehranniya İsveçin xarici işlər naziri Tobias Billström ilə görüşüb.

Gunaz.tv

Mehranniya bu barədə özünü sosial media hesabında məlumat yayıb.

"İyunun 3-də xarici işlər naziri Tobias Billström ilə görüşdüm və Əhmədrza Cəlalinin sərbəst buraxılması üçün səylərini artırmağı xahiş etdim. O mənə konkret söz vermədən məsələni diqqətdə saxlayacaqlarını dedi, məyus oldum",- deyə məhbus alimin həyat yoldaşı bildirib.

Nazirlik binasından çıxan Vida Mehranniya, jurnalistlərin suallarını cavablandırıb və Əhmədrza Cəlalinin aclıq aksiyası keçirdiyi üçün sağlıq durumunun pisləşdiyini söyləyib.

"Ümid edirəm ki, İsveç hakimiyyəti 8 il 3 aydır həbsdə olan həyat yoldaşımın azadlığa buraxılması üçün səy göstərəcək, mən isə bu istiqamətdəki mübarizəmi davam etdirəcəyəm",- Mehranniya qeyd edib.

İsveçin xarici işlər naziri Tobias Billström, Vida Mehranniya ilə görüşdən sonra Əhmədrza Cəlalinin vəziyyətinə görə təəssüfləndiyini desə də, görüşün təfərrüatı və atacaqları addımlar barədə açıqlama verməyib.

Qeyd edək ki, azərbaycanlı alim 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi onu "İsrailə casusluq" ittihamına görə edama məhkum edib və qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Əhmədrza Cəlali iyunun 15-də İran və İsveç arasında baş tutan məhbus mübadiləsində adının siyahıya salınmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb.