Təbrizdə tarixi Baba xan evi dağılır Güney Azərbaycan

Təbrizdə tarixi Baba xan evi dağılır

Təbrizdə baxımsız qalan və dağılmaq üzrə olan onlarla tarixi abidə və ev arasında Babaxan evi kimi tanınan bina tamamilə məhv olmaq üzrədir.

Gunaz.tv

Bu barədə mədəni fəallar məlumat yayıb.

Onların bildirdiyinə görə, bundan əvvəl tarixi Babaxan evinin qonşuluğunda söküntü işlərinin aparılması evin bir hissəsinin uçmasına səbəb olub.

"Hələ 2020-ci ilin may ayında baş verən hadisədən sonra Təbriz şəhərinin əlaqədar dövlər qurumları və Mədəni İrs Təşkiları Babaxan evinin qorunması və bərpasına söz verdilər, ancaq bu günə kimi abidənin bərpası üçün iş görülməyib və tarixi ev yox olmaq təhlükəsi ilə üz-üzədir",- onlar bildiriblər.

Mədəni fəalların dediyinə görə, bu müddət ərzində Qacarlar dövrünün memarlıq nümunələrindən sayılan, 2008-ci ildə İran milli əsərləri siyahısında qeydə alınan 160 illik tarixi evin bərpası ilə bağlı edilən müraciətlərə əhəmiyyət verilməyib.

Qeyd edək ki, Şərqi Azərbaycanda bu günə kimi tanınan və qeydə alınan tarixi abidələrin sayı 1800-dən çox olmaqla, əyalət bu sahədə İranda ən çox tarixi abidəyə malik olan 5 əyalət arasında yer alır.

Təbrizdə 600-dən çox tarixi tikili, abidə və evin mövcud olmasına baxmayaraq, onlardan bir çoxu dağıdılıb, baxımsız qalıb və ya dağılmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.