Ərdəbildə uşaqlara türk adlarının verilməsi halları artıb - Qeydiyyat İdarəsinin başçısı Güney Azərbaycan

Ərdəbildə uşaqlara türk adlarının verilməsi halları artıb - Qeydiyyat İdarəsinin başçısı

Güney Azərbaycanın Ərdəbil əyalətində yeni doğulan uşaqlara türk adlarının verilməsi halları artıb.

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Qeydiyyat İdarəsinin rəisi Vəhid Xülusi məlumat verib.

Onun sözlərinə görə, son vaxtlar Əli, Məhəmməd və Əmir adları yerinə oğlan uşaqlarına daha çox Ayhan, Arkan, Alisan adları qoyulur.

"Bundan əvvəl Ərədbildə körpələrə dini şəxsiyyətlərin və müqəddəslərin adları verilirdi, indi isə bu qəribə adlarüstünlük təşkil edir və bu çox təəccüblüdür",- deyə Xülusi narahatlığını bildirib.

O, oxşar tendensiyanın qız uşaqları ilə bağlı da baş verdiyinə diqqət çəkib.

Qeydiyyat İdarəsinin rəisi deyib ki, bundan əvvəl qızlara daha çox Fatimə, Zəhra, Məryəm və bir sıra islami adlar seçilirdi, bu gün isə həmin adların yerini Mahlin, Nisan və başqa bu kimi adlar tutub.

Vəhid Xülusi uşaqlara türk adlarının verilməsi hallarının artmasını müsbət qarşılamasa da, başçılıq etdiyi idarənin həmin adları qeydiyyata almağa məcbur olduğunu iddia edib.

Qeyd edək ki, Xülusinin iddiasının əksinə olaraq, türk adlarının qeydiyyata alınması olduqca çətin bir prosesə çevrilib.

Ərdəbil əyalətinin Qeydiyyat İdarəsinin rəisi və onun başqa bölgələrdəki əməkdaşları türk adlarını qeyri-iran və qeyri-islam adı adlandıraraq kimlik sənədi verməkdən imtina edirlər.

Türk adı qoyulan uşağa bu adda sənəd almaq üçün valideynlər aylarla, bəzən illərlə mübarizə aparmalı, məhkəmələrə müraciət etməli olurlar.