Fədailərin çıxdığı, mixi yazıların saxlandığı, Şəhriyarın öydüyü Güney Azərbaycan şəhəri - ARAŞDIRMA Güney Azərbaycan

Fədailərin çıxdığı, mixi yazıların saxlandığı, Şəhriyarın öydüyü Güney Azərbaycan şəhəri - ARAŞDIRMA

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Sərab şəhəri, Azərbaycanın azadlığının öncülü” adlı yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Sarab Ərdəbil əyalətinin mərkəzi sayılan Ərdəbil şəhərindən 86 km və Şərqi Azərbaycan əyalətinin mərkəzi sayılan Təbriz şəhərindən 130 km aralıda yerləşir. Ərdəbilə daha yaxın olmasına baxmayaraq, Sərab Şərqi Azərbaycan əyalətinin tərkib hissəsində yer alır. Əvvəlki yazılarımızda da dəfələrlə qeyd etdiyimiz kimi, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Bəzi şəhərləri isə başqa əyalətlərin tərkib hissəsinə daxil edilib.

2016-cı ilin siyahıyaalınmasına əsasən, Sərab şəhərinin əhalisi 45 min nəfərdən çox, Sərab rayonunun əhalisi isə 125 341 nəfərə bərabər olub. Sərab şəhəri əslində Sərab rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonda Mehriban, Şərəbyan və Duzduzan adlı qəsəbələr və Əbərğan, Razlıq, Sayın, Əsgərova, Ərdəlan, Alan Bərağuş adlı kəndistanlar yerləşməkdədirlər. Son yüz il ərzində İran hökuməti Güney Azərbaycanın yer, kənd və şəhər adlarını farscasına dəyişməyə çalışsa da, demək olar bu bölgədə yerlərin, dağların, çayların və kəndlərin böyük əksəriyyəti hələ də öz türk adlarını qoruyub saxlayır. Azərbaycanın qədim şəhərlərindən biri olan Sərabın əhalisinin böyük əksəriyyəti müsəlman şiədir və Azərbaycan türkcəsində danışır.

Sərab şəhəri dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir. Güneydən Bezquş dağ silsiləsi ilə, quzeydə isə Savalan dağı ilə əhatə olunduğu üçün soyuq və dağlıq iqlimə malikdir, Azərbaycanın ən soyuq yerlərindən biri hesab olunur. Sərabda şaxtalı günlərin orta sayı ildə 160-dır.

Sərab şəhəri iqlim xüsusiyyətlərinə görə Güney Azərbaycanın nisbətən sulu ərazilərindən biri hesab olunur. Əlverişli hava şəraiti, su bolluğu, münbit torpaq və kifayət qədər işçi qüvvəsi nəticəsində bu şəhər kənd təsərrüfatı sahəsində böyük üstünlüyə malikdir. Eyni zamanda, şəhər qədim zamandan yüksək keyfiyyətli bal və süd məhsulları ilə məşhurdur.

Sərabın tarixinə qısa baxış

Bölgədə daş kitabələrin, qədim təpələrin, kurqanların və saxsı qabların varlığı bu şəhərin tarixinin eramızdan əvvəlki dövrlərə aid olduğunu göstərməkdədir.

İslamdan sonrakı dövrdə də Sərab hələ də öz şəhər dəyərini və nüfuzunu qoruyub saxlamış, xüsusi coğrafi mövqeyinə və torpaq münbitliyinə görə həmişə hakim elitaların diqqət mərkəzində olub. Həmdullah Mustovfi Qəzvini və İbn Hövqəl kimi qədim coğrafiyaşünaslar bu şəhərin çiçəklənməsindən, gözəlliyindən, bərəkətli əkiləcək torpaqlarından söz açıblar. Sərab Azərbaycanlı görkəmli şair, sofi və filosof Şah Qasım Ənvarın (1356-1434) anadan olduğu şəhər kimi də tanınır. Qasım Ənvarın Azərbaycan türkcəsində və fars dilində yazdığı şeirlər Azərbaycanın ədəbi və mənəvi xəzinələrindən sayılır.

Lakin demək olar ki, Sərabın çağdaş tarixdə, xüsusən də Azərbaycan milli hökumətinin (1945-1946) formalaşma prosesində oynadığı rol tarix boyu oynadığı roldan qat-qat mühüm və qabarıq olub. Bu şəhər müəyyən mənada Güney Azərbaycan xalqının mərkəzi istibdada qarşı mübarizə mərkəzlərindən biri və Azərbaycan milli hökumətinin formalaşmasında ən mühüm mərkəzlərdən biri sayıla bilər. Qeyd etmək lazımdır ki, Güney Azərbaycan bölgəsi Rza şah (1925-1941) dövründə ən kədərli, ən fəlakətli günlərini yaşayıb.

Rza şah Pəhləvinin farsçı və irqçı hökuməti Azərbaycanı iqtisadi, siyasi və mədəni baxımdan zəiflətməyə çalışdı. Təbii ki, Rza şahın bu yanaşmasında Azərbaycan xalqının türk və azadlıqsevər olmasının təsiri az deyildi. Pəhləvi hakimiyyətinin son məqsədi Azərbaycan türklərinin təkcə kimliyini və mədəniyyətini məhv etmək deyil, eyni zamanda, Azərbaycanın iqtisadiyyatını da dağıtmaq idi. Bir sözlə demək istəsək, əsl amac Güney Azərbaycanı tamamən məhv etmək idi. Əlbəttə, mərkəzi hakimiyyətin Azərbaycanla münasibətləri intiqam xarakteri daşıyırdı. Sanki min ilə yaxın türk hökumətin əmri altında yaşayan farslar 1925-də hakimiyyəti ələ keçirdikdən sonra Azərbaycan türklərindən tarixi bir intiqam alırdılar.

1941-ci ildə İranın müttəfiqlər tərəfindən işğalı və Rza şahın məcburi olaraq çox uzaqlıqda qalmış bir adaya sürgün edilməsi ilə Azərbaycan xalqı ayağa qalxdı. 1941-1945-ci illər arasında Azərbaycanın əksər şəhərləri Tehran hökumətinin siyasət və agentlərinə qarşı xalq mübarizəsi və etiraz səhnəsi olmuşdu. Bütün bu qaranlıq illərdə eyni dərdləri çəkmiş, eyni taleyi yaşamış olan Sərab şəhəri və onun ətrafındakı kəndlərin əhalisi bu azadlıq mübarizəsinin öncülləri oldular.

Azərbaycan milli hökuməti (1945-1946) qurulduqdan sonra Fədailər deyə tanınan Azərbaycan xalqının silahlı dəstələrinin qurulmasının ilk təməllərinin atıldığı yerlərdən biri və bəlkə də ən önəmlisi Sərab şəhəri olmuşdur. Şübhəsiz Sərab şəhərinin bu qədər əhəmiyyətli rol oynamasında Azərbaycan milli hökumətinin (1945-1946) qurulduğundan sonra Fədailər ordusunun başçısı olaraq general ünvanını qazanan Qulam Yəhya oğlu Danişianın danılmaz payı və təsiri olub.

Sərab şəhərinin Əsgərova kəndində dünyaya göz açan Qulam Yəhya Danişian Azərbaycan Demokrat Firqəsi və Azərbaycan milli hökumətinin (1945-1946) qurulmasından çox əvvəl kəndliləri birləşdirib təşkilat etməklə Pəhləvi rejiminin agentlərinə qarşı mübarizəyə başlamışdı. Onun və tabeliyində olan qüvvələrin Sərab və Miyana kimi rayonlarda əldə etdiyi uğurlar Azərbaycan milli hökumətinin qurulmasında ən təsirli amillərdən biri olub. Necə ki, hələ Azərbaycan milli hökumətinin (1945-1946) qurulmasından əvvəl onlar bu iki rayonu və bəzi bölgələri İran şahının agentlərinin əlindən çıxardıb öz kontrolları altına almışdılar. Əslində, məhz bu uğurlara görə 1945-ci ilin dekabrında Azərbaycan Böyük Xalq Qurultayında iştirak etmək üçün Güney Azərbaycanın hər yerindən Təbrizə gələn nümayəndələr daha çox inam və özgüvən qazanaraq Azərbaycan milli hökumətinin qurulmasına qərar verdilər. Yəni əslində onlar Sərab şəhərində formalaşmış olan bir vəziyyətin Güney Azərbaycanın bütün şəhərlərində formalaşmasına qərar verdilər. Azərbaycan milli hökumətinin süqutundan sonra şah rejiminin sərablılardan sərt qisas almasının və şah ordusunun repressiyalarının və cinayətlərinin bu şəhərdə çox ağır olmasının səbəbi də budur.

Azərbaycan milli hökumətinin bir ildən çox yaşamamasına baxmayaraq, bu hakimiyyətin nailiyyətləri Güney Azərbaycan xalqının yaddaşında həmişə canlı qaldı. Günümüzdə Güney Azərbaycan türkləri, xüsusilə gənc nəsil, hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, azərbaycanlılığını, türklüyünü, mədəniyyətini, tarixini və dilini qoruyub-saxlamağa qərarlı görünür. Heç bir şübhə etmədən demək olar ki, bu gün bu şəhər və onun çevrəsindəki bölgələr Azərbaycan mədəniyyətinin ən ciddi şəkildə qorunduğu bölgələrdən biri sayılır. İran hökumətinin mədəni, iqtisadi və siyasi zülmlərinə qarşı qəti iradə ilə dayanan, həbs və zindan ağrısını çəkən şair, yazıçı, aşıq və Azərbaycan milli hərəkatının digər fəalları Güney Azərbaycana parlaq gələcək vəd edir. Onların Azərbaycan mədəniyyətini silməyə çalışan dövlət qurumları ilə müqayisədə imkanlarının çox az və qısıtlı olmasına baxmayaraq, onların sarsılmaz iradəsi yeni nəsil Güney Azərbaycan türklərində öz kimliyinə qayıtmaq istəyinin gündən-günə güclənməsinə səbəb olub. Güney Azərbaycanın başqa şəhərlərinin haqqında yazdığımız kimi, Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, ilin son çərşənbə axşamı dəbləri, Novruz bayramı dəbləri, sayaçılar, təkəmçilər, Çillə gecəsi, “Koroğlu” dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək ki, Azərbaycan hələ bu şəhərdə yaşayır. “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində tanıtdırdığımız bəzi şəhərlərimiz haqqında üzülərək assimilyasiyanın daha ciddi, daha ağır təsirlər buraxdığından söz açmışıq. Şükür ki, Sərab şəhəri və ətrafındakı bölgələrdə assimilyasiya və farslaşdırma siyasətləri bir o qədər də nəticə əldə edə bilməyib və buralarda Azərbaycanlılıq və türklük öz canlılığını qorumaqdadır.

Tarixi əsərlər və görməli yerlər

Azərbaycan arzular və gözəlliklər diyarıdır. Candan əziz olan bu diyarın hər guşəsinin öz gözəlliyi var. Urartu mixi yazısı ilə yazılmış Razlıq və Qırx Qızlar adlı daş kitabələri seyr etmək, qədim tarixi abidələri ziyarət etmək tarixlə maraqlananlar üçün cəlbedici ola bilər.

Sərabı onun möhtəşəm və bənzərsiz təbiətinə görə ziyarət etmək lazımdır. Bu şəhərin ətrafındakı bulaqlar, çaylar, çəmənliklər, kolluqlar həqiqətən də insanı Azərbaycanın gözəlliyinə valeh edir. Savalan dağının ətəklərində yerləşən bu gözəllikləri gedib yaxından görmək gərəkir, amma bu arada şəhərin qədim zamanlardan bəri dillərə dastan olan və hətta Ustad Məhəmməd Hüseyn Şəhriyarın şeirlərinə yol açan bal, kərə, qaymaq və pendirindən də vaz keçmək mümkün deyil.

Güney Azərbaycan milli fəallarının arasında kimə aid olduğunu bilmədiyim bir şüar bir söz var: “Azərbaycan torpaq deyil, arzular meşəsidir”. Məncə Sərab bu arzular meşəsinin cənnət guşəsidir.