Milli fəallar aksiya keçirəcəklər Güney Azərbaycan

Milli fəallar aksiya keçirəcəklər

Bundan əvvəl Babək qalasından qayıdan zaman saxlanılan və şəxsi əşyaları müsadirə olunan milli fəallar Meysəm Colani, Rza Vasiqi, Əli Lisani, Mehdi Lisani və Behzad Dəşti Kəleybər prokurorluğuna xəbərdarlıq ediblər.

Gunaz.tv

Bu barədə sosial media platformasında paylaşım edilib.

Milli fəallar bildiriblər ki, təhlükəsizlik məmurları onların mobil telefonlarını qaytarmaqdan imtina edir.

"Bu belə davam edərsə və şəxsi əşyalarımız geri qaytarılmazsa, sentyabrın 29-da Kəleybər şəhərinin prokurorluğu qarşısında oturaq etiraz aksiyası keçirəcəyik",- deyə fəallar bildiriblər.

Xatırladaq ki, fəallar sentyabrın 11-də də Kəleybər şəhərinin prokurorluğuna gedərək təhlükəsizlik idarəsinin onlara məxsus sənəd, telefon və başqa şəxsi əşyaları müsadirə etməsinə etiraz ediblər.

Prokurorluq kimlik vəsiqələrini qaytarsa da, mobil telefonlarının 10 gün sonra geri veriləcəyini deyib, ancaq bu günə kimi telefonlar qaytarılmayıb.

Qeyd edək ki, Əli Lisani, Mehdi Lisani, Meysəm Colani, Behzad Dəşti, Rza Vasiqi və Pejman Səlimi avqustun 2-də Kəleybər rayonunun Babək qalasından qayıdan zaman həbs ediliblər.

Meysəm Colani, Rza Vasiqi, Behzad Dəşti və Pejman Səlimi bir gün sonra Kəleybər polis bölməsindən, Əli Lisani və Mehdi Lisani isə Əhər şəhərinə köçürüldükdən sonra sərbəst buraxılıblar.