Təbrizdə "yaşıl soyqırım" davam edir Güney Azərbaycan

Təbrizdə "yaşıl soyqırım" davam edir

Bir neçə həftə əvvəl əvvəl Təbrizin tarixi Gülüstan bağında başlayan "yaşıl soyqırım" və qanunsuz tikinti işləri davam etdirilir.

Gunaz.tv

Bu barədə Təbriz Şəhər Şurasının sözçüsü Fridun Babayi Əqdəm məlumat verib.

O, dövlət qurumlarının əlbir olaraq parkın dağıdılmasına göz yumduqlarını söyləyib.

"Burada Təbriz bələdiyyə başçısı səlahiyyətində olmadan tikinti barədə icazə verdiyinə görə günahkardır, bununla yanaşı polis komandanı da qanunsuz tikintiyə görə məsuliyyət daşıyır. Eyni halda prokurorluq da tikinti işlərinin dayandırılması barədə qəti göstəriş vermədiyinə görə qanunsuzluq edir",- Fridun Babayi Əqdəm bildirib.

Şəhər Şurasının sözçüsü Şərqi Azərbaycan Mədəni İsr təşkilatını da ittiham edib və bu qurumun nəzarətində olan parkda qanunsuz tikinti işlərinə göz yumduğunu deyib.

Xatırladaq ki, Fridun Babayi Əqdəm Gülüstan bağının dağıdılması ilə bağlı məsələni ictimailəşdirdiyinə görə təhlükəsizlik idarəsinin təzyiqləri ilə üzləşib.

O, yaydığı video müraciətdə özü və ailəsinin təhdid edildiyini və ekoloji problemlə bağlı paylaşım və çıxışlarını dayandırmağa çağırıldığını söyləyib.

Qeyd edək ki, bir neçə həftə əvvəl Təbriz bələdiyyəsi Gülüstan bağı ərazisinin 1000 kvadrat metrini təhlükəsizlik orqanlarından birinin ixtiyarına verib. Bundan sonra tarixi parkda ağaclar kəsilib və yaşıllıq zolağının məhv edilməsinə başlanlıb.

Şəhər Şurasının bir neçə üzvü, mədəni fəalların və yerli əhalinin etirazlarına baxmayaraq, tikinti işləri davam etdirilir.

5.2 hektar ərazisi olan və şəhərin mərkəzində yerləşən Gülüstan bağı Təbrizin, ümumilikdə isə İranın ən qədim şəhərdaxili parklarından biri sayılır.