Bir əsrdə adı 3 dəfə dəyişdirilən Güney Azərbaycan şəhəri - ARAŞDIRMA Güney Azərbaycan
APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin Sərəskənd (Həştrud) şəhəri haqqında yazısını təqdim edir.
Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.
Sərəskənd (Həştrud) şəhəri Şərqi Azərbaycan əyalətinin mərkəzi sayılan Təbriz şəhərindən 120, Miyana şəhərindən 65 km aralıda yerləşir. Şəhər Sərəskənd (Həştrud) rayonunun (şəhristan) mərkəzində yerləşir və Nəzər Kəhrizi, Almalı, Qaranqu, Lamışan, Çar-uymaq kimi daha kiçik qəsəbə və kəndlərlə əhatə olunub.
2023-cü ilin siyahıyaalınmasına əsasən, Sərəskənd (Həştrud) rayonunun əhalisi 60 572 nəfərə bərabərdir. Bu şəhərin əhalisi Azərbaycan türkcəsində danışır, müsəlman və şiədir.
Azərbaycanımızın bir çox şəhəri kimi, Sərəskənd (Həştrud) rayonu da dağlıq bölgədə yerləşir. Şəhərdə temperatur +34 ilə -20 dərəcə Selsi arasında dəyişir. Bölgə əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və xalçaçılıqdır.
Sərəskənd (Həştrud) şəhərinin adı haqqında
Şəhərin ən qədim adı haqqında yetərincə bilgimiz olmasa da, buranın yaxın zamanlaradək “Sərəskənd” adlandırıldığını bilirik. Son yüz ildə İranda həyata keçirilən və ciddi şəkildə izlənilən farslaşdırma siyasəti nəticəsində Güney Azərbaycanda bir çox yer, dağ, çay, kənd, qəsəbə və şəhər adları dəyişdirilib. Bu haqda əvvəlki yazılarımızda da danışdığımız üçün təfərrüata varmırıq. Sadəcə onu qeyd edək ki, Sərəskənd şəhəri də adı farslaşdırmaya məruz qalan yerlər sırasındadır. Bir şəhərin adını dəyişdirmək onu keçmişindən qoparmaq anlamına gəlməkdədir. Əslində farslaşdırma siyasətinin amacı da elə budur: Güney Azərbaycan türklərini öz keçmişindən ayırmaq və onları fars mədəniyyəti içində əritmək. Bu məqsədlə Sərəskənd şəhərinin adını son 100 ildə 3 dəfə dəyişiblər. Əvvəldə ona “Rza Şəhr”, sonra isə “Azəran” adı verdilər! Bir müddət sonra isə özləri verdikləri sonrakı adı da bəyənmədilər və bu dəfə şəhəri “Həştrud” adlandırdılar! Həştrud sözü fars dilində 8 çay deməkdir. Bu qondarma adı şəhərə verənlər 8 çayın hamısının da adının türkcə olduğunu heç dilə gətirmədilər. Halbuki bölgədə axan çayların (Qaranqu, yaxud Qarlanqu çay, Ay doğmuş, Qızıl Özən, Şor çay, Acı çay, Quru çay, Leylan çay, Qala çay, Əcirli çay, Qərə-Qəyə çay), dimdik duran dağların (Ağ dağ, Sürməli) və yamyaşıl çöllərin hamısının adı Azərbaycan türkcəsindədir.
Sərəskənd (Həştrud) bölgəsinin qədim tarixindən xəbər verən “Narın Qala”
Saraskənd şəhərindən 20km aralıda, üç tərəfdən Qarangu çayının dərəsinə baxan təpənin üstündə hər bir tamaşaçının heyranlığını çəkən qala yerləşməkdədir.
İranın rəsmi qaynaqlarında bu qalaya “Zəhhak qalası” deyilsə də, yerli əhali arasında “Narın qala” olaraq tanınan tikili zaman-zaman “Ajdehak”, “Qız qalası”, “Daş qalası”, “Baru-as” kimi adlarla da tanınıb. Bu arada adların hamısının türk mənşəli olduğu olduqca diqqət çəkir. Hətta çox güman ki, bu qalaya verilən “Zəhhak” adı da “Ajdehak” adının uydurma variantından başqa bir şey deyil.
Qədim yunan tarixçisi Herodotun yazdığına görə, İştoviqo və ya Astıyak eramızdan əvvəl 585-550-ci illərdə 35 il hökmranlıq edən dördüncü və sonuncu Midiya kralı olub. Midiya dövlətinin Azərbaycanda qurulmuş olan ən qədim dövlətlərdən biri olduğunu bilirik. “Zəhhak” adının “Ajdehak” adının uydurma variantından başqa bir şey olmadığını dilə gətirdik. Bu məsələ sadəcə qalanın adı haqqında söhbət mövzusu deyil. Bir çox tarixi və ədəbi əsərlərdə bu iki ad dəyişik salınıb. Mövzumuzla əlaqədar olmadığı üçün burada səbəbini açıqlamağa gərək görmürük. Sadəcə bunu demək lazımdır ki “Ajdehak” sözü də elə “Astıyak” sözünün başqa bir variantıdır. Necə ki, ümumiyyətlə qalanın Arsaqlar (Parfiya) (eramızdan əvvəl 247- 224-cü illər) dönəmində tikilmiş olduğu qəbul olunsa da, tarixi araşdırmalar Midiya dövlətinin son çağlarında inşa edildiyini düşünməyə əsas verir.
Narın qala, yaxud Astıyak qalasının qədim kompleksinin uzunluğu təqribən 10 km, eni isə 1-2 km-dir. Kompleksdə demək olar ki, salamat qalmış yeganə tikili, zaman keçdikcə dağıdılmış və bünövrələrindən biri bərpa edilmiş dörd tağlı binadır.
Arxeoloji qazıntılar nəticəsində yan dəhlizlərində müxtəlif dizayn və naxışlara malik 11x11 metr ölçüdə geniş zal aşkar edilib. Bu motivlərə insan və heyvan, həndəsi, çiçək və bitki motivləri daxildir. Bundan əlavə, qalada sistern, dəyirman, hamam və onlarla başqa əsər aşkar edilib. Qala otaqlarının yarısı yerdə, digər yarısı isə qayalarda qazılıb.
Bu qala böyük ehtimalla Midiya hökumətinin sonlarında yəni Astıyak dövründə tikilsə də, görünən odur ki, Arsaqlar (Parfiya) dövründə də istifadə olunub və hətta həmən dövrdə kompleksə yeni binalar əlavə edilib, mövcud tikililər bərpa edilib. Üstəlik bu qədim məkanda islamdan sonrakı dövrlərə aid əsərlər də tapılıb.
(Narın qalada tapılan Arsaqlar dövrünə aid əsər)
(Narın qalada tapılan çox qədim bir Azərbaycan əsgəri)
Sərəskənd bölgəsinin qədim tarixə malik olmasını göstərmək üçün təkcə Narın qala bəs etsə də, bölgənin tarixi təkcə bu unikal əsərlə məhdudlaşmır. Sərəskənd şəhərinin 10 kilometr qərbində, Əziz Kəndi adlı məntəqədə Bayəzid Bəstaminin adını daşıyan dəyərli bir tarixi kompleks yerləşməkdədir. Bu tarixi kompleksdə beş səkkizguşəli günbəz var idi ki, bu gün onlardan yalnız biri salamat qalıb, qalanları isə tamamilə dağıdılıb. Bayəzid Bəstami memarlığı ilə Marağanın Qırmızı Günbəzi və Həmədanın Ələvi Günbəzinə bənzəyir. Kompleksin yaranma tarixi Moğul İlxanlıları (1256–1335) dövrünə aiddir. Təəssüflər olsun ki, Güney Azərbaycanda yerləşən bir çox qədim abidələr kimi, bu tarixi kompleks də Allah amanına buraxılıb, onun qorunması və yenilənməsi ilə bağlı bir iş görülmür.
Sərəskənd bölgəsində Azərbaycan-türk mədəniyyəti:
Təxminən dörd min illik keçmiş tarixə malik olan Sərəskənd bölgəsi, yuxarıda da gördüyümüz kimi, Azərbaycan tarixinin nə qədər qədim olduğunu göstərir. Əsirlər boyu Şərq dünyasını Qərb dünyasına bağlayan İpək yolunun üstündə yerləşməsi də, əlimizdə yetərincə bilgi olmasa belə, bu bölgənin nə qədər inkişaf etmiş mədəniyyətə sahib olduğunu göstərir. İslamdan sonra təxminən min il boyunca Türk dövlətlərinin idarəsi altında olan bölgə, bu min ilin böyük bir hissəsində Azərbaycan Atabəyləri, Moğul İlxanları, Qaraqoyunlular, Ağ qoyunlular, Səfəvilər kimi Azərbaycan mərkəzli Türk dövlətlərinin idarəsi altında olub. Və öz keçmişini, tarixini, kimliyini, dilini, adət-ənənələrini bir gecədə unudası deyil.
Son yüz ildə İranda mərkəzi dövlət Güney Azərbaycan türklərini farslaşdırmaq və assimilyasiya etmək mövzusunda nə qədər məqsədyönlü və planlı şəkildə çalışsa da, min illər boyunca davam edən Azərbaycan-türk mədəniyyətini və ən az min ilə arxalanan kəsintisiz Azərbaycan-türk dövlətçilik yaddaşını tam olaraq silib məhv etməyi bacara bilməyi. Bir əsrdə adının 3 dəfə dəyişdirilməsi Güney Azərbaycanda Azərbaycan türk mədəniyyətini məhv etməyə çalışmaların bir göstəricisidir. Lakin bu bölgədə hələ də Azərbaycan türk dili və mədəniyyəti yaşamaqdadır.
Azərbaycan Türk mədəniyyətini Sərəskənd rayonu və Güney Azərbaycanın hər yerində anaların körpə uşaqlarına pıçıldadıqları laylalarında, ağbirçək və ağsaqqal nənə-babalarının nəql etdikləri qədim dastanlarda, dillər əzbəri olan ata sözlərində, dərin mənalı sözləri qısa şəkildə anladan bayatılarda görmək olar. Güney Azərbaycanın başqa şəhərlərinin haqqında yazdığımız kimi, Azərbaycan rəqsi və musiqisi, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, çərşənbə axşamı şənlikləri, Novruz bayramının dəbləri, sayaçılar, kosa, təkəmçilər, Çillə gecəsinin dəbləri, “Koroğlu” dastanının danışılması kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək olar ki, azərbaycanlılıq və türklük hələ də bu şəhərdə yaşayır. Lakin Azərbaycan-türk kimliyi özünü sadəcə bunlarda əks etdirmir. Bu özünəməxsusluğu xörəklərin, çörəklərin adlarında və onların hazırlanma üsullarında da görmək olar. Bu motivləri Azərbaycanımızın hər yerində toxunan xalçalarda və kilimlərdə də görmək olar.
Eyni halda, günümüzdə Güney Azərbaycan yazarları, şairləri və mədəniyyət xadimlərinin çalışmaları nəticəsində yetişdirilən bu yeni Azərbaycan gəncliyi mərkəzi hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, Azərbaycanlılığını, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamağa qərarlıdır. Bu da Güney Azərbaycandan Azərbaycan yaddaşını silib məhv etməyin imkansız olduğunu və bu doğrultuda aparılan siyasətlərin sonucsuz olduğunu göstərir. Təbii ki, bu sözlər gerçəkləri görməmək və assimilyasiya siyasətinin mənfi təsirlərini görməzdən gəlmək anlamını verir.