Güney Azərbaycanda Milli Hökumətin süqutundan sonra nələr yaşandı? - ARAŞDIRMA Güney Azərbaycan

Güney Azərbaycanda Milli Hökumətin süqutundan sonra nələr yaşandı? - ARAŞDIRMA

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Milli hökumətin məğlubiyyətindən sonra Azərbaycanda nələr yaşandı?” adlı yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümü münasibətilə yazdığımız birinci yazıda bu hökumətin yaranmasının tarixi kökləri və prosesindən, ikinci yazıda isə hökumətin qərarlarından və həyata keçirdiyi planlardan bəhs etdik. Bu yazıda isə Azərbaycan Milli Hökumətinin yenilgiyə uğramasından sonra Güney Azərbaycanda nələrin baş verdiyini açıqlayacağıq.

1945-ci il dekabrın 12-də qurulan Azərbaycan Milli Hökumətinin ömrü sadəcə bir il oldu. Belə ki, düz bir il sonra, yəni 1946-cı il dekabr ayında, Güney azərbaycanlılar qurduqları hökumətin ildönümünü qutlamağa hazırlaşarkən Tehran ordusu Azərbaycana doğru hərəkətə başladı. Ordunun Azərbaycana doğru hərəkət etməsi bəhanəsi İranda keçirilən parlament seçkilərinin təhlükəsizliyini təmin etmək idi. Qeyd etmək lazımdır ki, 1946-cı ilin may ayından başlayaraq Tehran-Təbriz arasında uzun müzakirələrin nəticəsində Azərbaycan Milli Hökuməti İran çərçivəsində fəaliyyət göstərməyi qəbul etmək məcburiyyətində qalmışdı. Bu məcburiyyətin səbəblərindən biri Amerika və İngiltərənin Tehran hökumətinə hərtərəfli dəstək verməsi və Sovet İttifaqının Təbrizə köməyini dayandırması idi.

Bir amil Tehran ordusunun mütəşəkkil və ciddi müqavimətlə üzləşmədən Azərbaycana daxil olmasına səbəb oldu. Bu amil Tehran ordusu ilə necə davranmaq barədə Azərbaycan Demokrat Firqəsinin liderləri arasında ciddi fikir ayrılıqlarının yaranması idi. Seyid Cəfər Pişəvəri, Qulam Yəhya Daneşiyan və Firidun İbrahimi kimi liderlər hesab edirdilər ki, Tehrana etibar etmək olmaz və ordunun Azərbaycana girməsinə qarşı var qüvvətlə müqavimət göstərmək lazımdır. Ancaq digər tərəfdən, Salamullah Cavid və Əli Şəbəstri kimi liderlər Azərbaycanın Tehran ordusuna müqavimət göstərəcək qədər güclü olmadığı arqumenti ilə İranın mərkəzi hökuməti ilə anlaşmaya varılmasını və Tehran ordusuna qarşı çıxılmamasını istəyirdilər. Bu arada Azərbaycan Milli Hökumətinin mədəniyyət naziri Məhəmməd Biriya ilk günlərdə Pişəvəri qrupunda yer alsa da, ən son günlərdə fikrini dəyişib Salamullah Cavid ilə Əli Şəbəstrinin qrupuna daxil oldu.

Hər nə isə, Tehranla imzalanmış müqaviləyə əsasən, 1946-cı il noyabrın 22-də Zəncan şəhəri rəsmi olaraq boşaldıldı və İranın mərkəzi hökumət orqanlarına təhvil verildi. Tehran ordusu Zəncana daxil olan andan etibarən mərkəzi hökumətin bütün razılaşmalarını və vədlərini heçə sayaraq Azərbaycan Demokrat Firqəsinin tərəfdarlarını həbs etməyə, hətta onlara işgəncə verməyə və öldürməyə başladı. Zəncanın işğalının ertəsi günü ordu hissələri üç istiqamətdən Azərbaycana doğru hərəkət etdi.

“Azərbaycan” qəzeti dekabrın 2-dəki manşetində Pişəvərinin belə bir cümləsini dərc etmişdi: “Köləlik və alçaqlıq içində yaşamaqdansa, ləyaqətlə ölmək yaxşıdır!” Azərbaycanın işğalından sonra asılaraq öldürülən Azərbaycan Milli Hökumətinin Baş prokuroru Firidun İbrahimi qəzetin elə həmin nömrəsində bunları yazırdı: “Hamı bilir ki, böyük fədakarlıqlar etmədən Azərbaycanı xoşbəxt etmək mümkün deyil”. “Azərbaycan” qəzeti dekabrın 3-də dərc etdiyi manşetini Pişəvərinin cümləsinə həsr edib: “Azərbaycana hücum edən silahlı qüvvələr yalnız vətəni müdafiə etmək üçün silah götürmüş Azərbaycanın bütün kişi və qadınlarının cəsədləri üzərində irəliləyə bilərlər.” Qəzet elə həmin nömrədə “Ölmək var, dönmək yoxdur” başlığı ilə dərc olunan yazıya “Son söz” adını vermişdi.

(Azərbaycan Milli Hökumətinin Baş prokuroru, Firidun İbrahimi Təbrizdə asıldı)

Lakin Azərbaycan Demokrat Firqəsinin rəhbərlərinin hamısı Pişəvəri kimi düşünmürdü. Pişəvəri və Firidun İbrahimi kimi liderlər xalqı müqavimətə çağırıb, fədai dəstələrinin cəsur komandirləri General Qulam Yəhya Daneşyan və general Azərin Tehran ordusunun irəliləməsinə müqavimət göstərdiyi bir mühitdə Dr. Cavid və Şəbistəri kimi liderlər Tehranla “xoşməramlı” və “sülhpərvər” məzmunlu teleqramlar mübadiləsi aparırdılar.

1946-cı il dekabrın 11-də Təbrizdən təqribən 200 kilometr aralıda yerləşən Qaflantı dağında Azərbaycan-İran orduları arasında çox ağır döyüşlərin getdiyi bir vaxtda Pişəvəri Azərbaycan Demokrat Firqəsinin rəhbərliyindən uzaqlaşdırıldı, onun yerinə Azərbaycan Milli Hökumətinin mədəniyyət naziri Məhəmməd Biriya təyin edildi. Bu hadisə İran ordusuna qarşı müqavimət göstərməməyi müdafiə edənlərin qələbəsi idi və çox güman ki, bu qərarın verilməsində Sovet İttifaqının, eləcə də İran hökumətinin rolu olmuşdu. O vaxtdan sonra artıq Azərbaycan Demokrat Firqəsindən və Təbriz Hərbi Komitəsindən müharibəyə hazırlaşmaq və Tehrana doğru irəliləmək əmrləri gəlmədi. Əksinə, Azərbaycan silahlı qüvvələrinin savaşa hazır olmasına və hətta fədai ordusunun Zəncana doğru irəliləməsinə baxmayaraq, Təbriz mütəmadi olaraq teleqraf və radio vasitəsilə geri çəkilmə əmri verirdi.

(Seyid Cəfər Pişəvərinin məzarı, Bakı, Fəxri xiyaban)

Nəhayət, 1946-cı ilin 13 dekabr tarixində İran ordusu ciddi müqavimətlə qarşılaşmadan Təbriz şəhərinə girdi. Şəhərdə dərhal hərbi vəziyyət elan olundu və mərkəzi hökumət qüvvələrinin komandanı briqada generalı Haşimi Təbriz şəhər bələdiyyəsi qarşısında Təbriz və Tehran arasında imzalanmış müqavilələrin ləğv edildiyini elan etdi. Lakin Güney Azərbaycanın müxtəlif şəhərlərində və hətta Təbrizin özündə belə müqavimət dekabrın 26-dək davam etdi. Dekabrın 26-da Təbrizin Ərk qalasında müqavimət göstərən 8 fədai son güllələrini işlətdikdən sonra təslim olmamaq üçün özlərini yerə atdılar və beləliklə, Təbrizdə son müqavimət səsi susdu. Həmin gün axşam saatlarında İran ordusu komandirlərinin əmri ilə Azərbaycan şəhərlərinin meydanlarında Azərbaycan türkcəsində yazılan bütün kitablar yandırıldı.

بنای تاریخی ارگ تبریز

(Azərbaycan fədailərinin son səngəri, Təbrizin Ərk qalası)

Güney Azərbaycan İran ordusu tərəfindən işğal edildiyi zaman Hacı Mirzə Həbib Müctəhid, Şeyx Qasım Perixani, Molla Məcit, Seyid Əhməd Mirxas kimi İran dövlətinə bağlı orta və yüksək rütbəli din xadimləri din adına fətvalar çıxaraq demokratların mal və canlarını halal elan etdilər. Bu fətvalardan dərhal sonra Azərbaycan Demokrat Firqəsinin üzvləri qətlə yetirildi, evləri talan edildi, qadınları zorlandı. Yüzlərlə insan hərbi səhra məhkəməsinin qərarı ilə edam edildi. Bir neçə gün ərzində odlu silahla edam edilənlərin sayı 3000 nəfəri aşdı. Həbsxanalarda hər gün onlarla insan soyuqdan və aclıqdan öldü.

Tehran ordusu bütün bu qeyri-insani əməlləri ilə yanaşı, Güney Azərbaycanda mədəni soyqırımı da başlatdı. Azərbaycan türkcəsinə bir daha qadağa qoyuldu. Hər yerdə Azərbaycan dilindən istifadə qadağan edildi. Hətta Güney Azərbaycanın bütün şəhərlərində türkcə kitabların hamısı məzmunundan asılı olmayaraq, mərkəzi hökumət tərəfindən yandırıldı.

(Qala-qalaq yandırılan türkcə kitablar)

Tehran hökumətinin məqsədi təkcə Azərbaycan Demokrat Firqəsinin üzvləri və tərəfdarlarını cəzalandırmaq deyil, həm də bütün Azərbaycandan qisas almaq idi. Amerikalı Vilyam Daqlas kimi qərəzsiz xarici müşahidəçilərin yazıları və hətta bəzi hökumət sənədləri Tehran hökumətinin Azərbaycan Milli hökumətinin devrilməsindən sonra ən azı 3 il boyunca Azərbaycanda qəsdən aclığa və minlərlə insanın ölümünə səbəb olduğunu göstərir. İranlı tədqiqatçı Məhəmməd Malcu öz müfəssəl araşdırmasında İran hökumətinin arxivlərinə, xüsusilə də Daxili İşlər Nazirliyinin və polisin hesabatlarına istinad edərək, Azərbaycan Milli Hökumətinin devrilməsindən sonrakı illəri “ölkənin şimal-qərbində hərbi idarəçilik illəri” adlandıraraq Güney Azərbaycan kəndlərində baş verən aclıq və ölümlərə görə məsuliyyətin İran hökumətinin üzərinə düşdüyünü bildirmişdi: “1946-cı ilin payızından sonra ölkənin şimal-qərbində misli görünməmiş sayda edamlar, həbslər, deportasiyalar, müsadirələr və senzuranı əhatə edən hərbi vəziyyət yarandı. 1947, hətta 1948-ci ildə Azərbaycanda hərbi vəziyyətin davam etməsi ilə bağlı həm Sovet İttifaqında, həm də ABŞ-da təqdim olunan məlumatlar, istifadə olunan terminlərdəki fərqlərdən asılı olmayaraq, prinsipcə çox oxşar idi”.

Azərbaycan Milli Hökumətinin devrilməsindən təxminən bir il sonra qətllər, edamlar, sürgünlər və əmlak müsadirələri durmadan davam edərkən, Məhəmməd Rza şah Baş nazir Qəvama ünvanladığı açıq məktubda ümumi amnistiya qərarını elan etdi. Lakin bir il mərkəzi hökumətin Güney Azərbaycandan qisas alması üçün hələ kifayət etməmişdi. Çünki ümumi amnistiya qərarının qanuna çevrilməsi, parlamentdə təsdiqlənməsi və şah tərəfindən imzalanması üçün 9 ay daha vaxt lazım idi. Amma dövlət arxivlərində olan sənədlər göstərir ki, sözügedən qanun problemlidir və hüquq-mühafizə orqanlarına bəhanələr verir. Lakin bununla belə, sözügedən qanun belə həyata keçirilmir və Güney Azərbaycan Türklərinə qarşı təzyiqlər durmadan davam edirdi.

Son söz:

Azərbaycan Milli Hökumətinin məğlubiyyətinin ən zərərli nəticələrindən biri də Güney Azərbaycanda ziyalı, mütəfəkkir, yazıçı təbəqəsinin tamamilə məhv edilməsi oldu. Əslində, Azərbaycan Milli Hökumətindən sonra Azərbaycana hakim olan susqunluğun bir səbəbi Tehran hökumətinin basqıları idisə, digər səbəbi bu ziyalı, mütəfəkkir, yazıçı təbəqəsinin tamamilə məhv edilməsidir. Xalqa bilgi, cəsarət verəcək və onları hərəkətə gətirəcək olan bu təbəqə Azərbaycan Milli Hökumətinin məğlubiyyətindən ancaq 20 il sonra Səməd Behrəngi kimi cəsarətli yazıçıların ortaya çıxması ilə yenidən canlanmaya və öz təsirini göstərməyə başladı.

Səməd Behrəngi və onun kimi qələm adam adamlarının və mütəfəkkirlərin ortaq nöqtələrindən biri də Azərbaycan Milli Hökumətinin süqutundan sonra şah rejiminin cinayətlərinə toxunulması, eyni zamanda, o hökumətin xatirəsini yaşatması idi. Bunu biz Səmədlə yanaşı, Əlirza Nabdel (Oktay), Qulam Hüseyin Saedi, Rza Bərahəni kimi məşhur şair və yazıçıların yaradıcılıqları ilə birlikdə həyatlarında da görə bilərik.

(Səməd Behrəngi)

Əlbəttə, Güney Azərbaycan türkləri heç bir zaman Pəhləvi rejiminin cinayətlərini unutmamışdı. Təsadüfi deyil ki, İranda şah rejiminə qarşı bir il ərzində həmin rejimin süqutuna səbəb olan ilk böyük və geniş xalq etirazları Təbrizdə baş tutdu. Əslində, bir çox tarixçi və mütəfəkkirlərin İranda Pəhləvi rejiminin süqutunun başlanğıc nöqtəsi olduğuna inandığı 1978-ci il fevralın 18-də Təbriz əhalisinin kütləvi etiraz yürüşünün əsas səbəblərindən biri 32 il əvvəl qurduqları hökumətin eyni rejim tərəfindən devrilmiş olması və Azərbaycanın ən ağır zülmlərə məruz qalmış olması idi.

Azərbaycan Milli Hökumətinin qurulması və dağılmasından təxminən 80 il keçmiş olsa da, bu bir illik hökumətin Güney Azərbaycan Türklərinə qazandırdıqları, xüsusilə də dövlətçilik təcrübəsi hələ də Güney Azərbaycan türkləri üçün böyük bir mənəvi qazanc və ilham qaynağı sayılır. Bir sözlə demək olsaq, Azərbaycan Milli Hökumətinin varlığından təxminən 80 il keçməsinə baxmayaraq, bu hökumət hələ də Güney Azərbaycanda hökm sürür və Güney Azərbaycan türklərini hərəkətə gətirir.