Mehdi Nəimi: Ərdəbillilər artıq Tehranın məzhəb oyunlarına inanmır Güney Azərbaycan

Mehdi Nəimi: Ərdəbillilər artıq Tehranın məzhəb oyunlarına inanmır

İranın Türkiyə, Azərbaycan və ümumiyyətlə Türk Dünyasına qarşı siyasəti çoxdan vardır, yalnız 2020-ci ildən bu tərəfə Qarabağ savaşı Azərbaycan ordusu tərəfindən zəfərlə nəticələndikdən sonra bu siyasət aşkara çıxıb. Daha öncə gizli oynadıqları oyunları o tarixdən bu tərəfə artıq gizli saxlaya bilmirlər. Açıq oynayırlar. Odur ki, zaman-zaman nifrətlərini və kinlərini göstərirlər.

Gunaz.tv

Bu sözləri Türkiyədə yaşayan güney azərbaycanlı siyasi fəal və təhlilçi Mehdi Nəimi "Amerikanın Səsi" ilə söhbətində deyib.

O, İranda Türkiyə və Azərbaycana qarşı fəaliyyətlərin artmasının səbəbləri, eləcə də dekabrın 29-da Ərdəbilin böyük məscidində təşkil olunan “Aşuradan Çaldırana, Çaldırandan Zühuradək Müqavimət” adlı mərasimin mahiyyəti haqqında fikirlərini bölüşüb.

Nəimin sözlərinə görə, sözügedən mərasimin Ərdəbildə keçirilməsi həm İranın rəsmi tarixi rəvayətində Ərdəbilə verilən rol, həm də Seyyid Həsən Amulinin Ərdəbil imamı olması ilə bağlı ola bilər:

“Bəlkə belə düşünürlər ki, Ərdəbildə əhalinin bu məsələyə meyli vardır. Baxmayaraq ki, gördük ki, o meyl də o qədər yox imiş. Onlar fikirləşirdilər ki, Ərdəbil Şiə dünyasında bir mədəniyyət beşiyi olub. Keçmişə dayanaraq, millətin əhval-ruhiyyəsinə dayanaraq bəlkə insanlarda belə şeylərə meyl görürdülər. Bəlkə istəyirdilər onların məzhəb və ya məzhəb deməyək, təriqət duyğularını hərəkətə keçirib və oradan özlərinə bir mənfəət biçsinlər”,- Nəimi deyib.

O, Ərdəbil daxil olmaqla, Güney Azərbaycanda məzhəb duyğuları və tarixi rəvayətlərin manipulyasiyası ilə yürüdülən siyasətlərin artıq nəticə vermədiyini vurğulayırb:

“Elə bilirdilər ki, bu insanları keçmişdəki kimi əllərində xəmir kimi yoğura bilərlər. Ancaq Ərdəbildə olanların bunu edə bilmədikləri məlum oldu. Çünki, artıq millətin düşüncəsi dəyişib və rahat-rahat yoğrula biləcək deyildir. Mən özüm ərdəbilliyəm və üzülərək deyirəm ki, bu yaxınlara qədər bizdə vəziyyət elə idi ki, bizdən sui-istifadə etmək belə rejimlərin ağlından keçirdi. Amma elə son olaylarla əlaqədar Ərdəbil əhalisi tərəfindən yüzlərlə yorumlara, şərhlərə baxdığımızda və mən özüm danışdığım insanlardan gördüm ki, tam əksi oldu və insanlar artıq belə siyasətləri qəbul etmir. O,mərasimə də bir milyonun üzərində olan əhalidən çox az sayda insan qatılıb.”