Ermənistan mədənlərindən çıxan kanserogen tullantı suları Araz çayına axmaqda davam edir Güney Azərbaycan

Ermənistan mədənlərindən çıxan kanserogen tullantı suları Araz çayına axmaqda davam edir

İran və Ermənistan rəsmilərinin vədlərinə baxmayaraq, Ermənistan mədənlərinin sənaye və kanserogen çirkab suları Araz çayına axmaqda davam edir.

Gunaz.tv

Bu barədə tədqiqatçı, ətraf mühit fəalı, Şərqi Azərbaycan Kənd Təsərrüfatı və Təbii Sərvətlər Araşdırma və Təhsil Mərkəzinin keçmiş rəhbəri doktor Əhməd Baybordi öz X hesabında yazıb:

“Təəssüf ki, Ermənistandakı mədənlərdən Araz çayına çirkab sularının axıdılması davam edir. Çayın dibində ağır metalların yığılması müşahidə olunur. Kənd təsərrüfatı torpaqları bu su ehtiyatlarından qidalanır. Ermənistanın mədənləri onlara heç bir nəzarəti olmayan və ötən illər ərzində vədlər verib yerinə yetirə bilməyənlərin əlindədir! İllərdir Ermənistanın çirkab suları, eləcə də Ermənistan Atom Elektrik Stansiyasının tullantı suları Araz çayına tökülərək bölgədə ətraf mühitin çirklənməsinə, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində xərçəng xəstəliyinin yayılmasına səbəb olur."

Qeyd edək ki, Azərbaycan vətəndaş fəalları və bəzi Azərbaycan rəsmiləri və nümayəndələri dəfələrlə Araz çayının Ermənistanın sənaye çirkab suları ilə çirklənməsi ilə bağlı xəbərdarlıq etsə də, İran və Ermənistan hökumətləri bu problemi həll etmək istəmirlər.