

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Əcəbşir şəhəri, Urmu gölünün fəlakətindən təsirlənən şəhər” yazısını təqdim edir.
Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.
Əcəbşir şəhəri Şərqi Azərbaycan əyalətinin mərkəzi olan Təbrizdən 85 kilometr aralıda və Urmiya (Urmu) gölünün yaxınlığında yerləşir. Şəhər əslində Əcəbşir rayonunun (şəhristan) mərkəzində yerləşir və Cavan Qala və Qala Çay kimi daha kiçik şəhərlərlə əhatə olunub.
2017-ci ilin siyahıyaalınmasına əsasən, Əcəbşir şəhərinin əhalisi 70 min nəfərə, Əcəbşir rayonunun əhalisi isə 96 min nəfərə bərabərdir. Müsəlman və şiə olan əhali Azərbaycan türkcəsində danışır. Şəhərin bəzi kəndlərində, o cümlədən Gül Təpə, Görvan və Şiraz kimi kəndlərdə ələvi türkləri də yaşayır.
Əcəbşir şəhəri keçmişdən günümüzə
Azərbaycanın bir çox bölgələri kimi, Əcəbşir bölgəsinin də çox qədim tarixi var. Arxeoloji məlumatlara görə və əksər qədim sivilizasiyaların, mədəniyyətlərin çaylar və sular kənarında yarandığını və bölgədəki mağaraların, qaya sığınacaqlarının mövcudluğunu nəzərə alsaq, burada mağara adamlarının yaşadığını güman etmək olar. Burada bir sıra qədim mağaralar və qaya sığınacaqları müəyyən edilmiş və milli səviyyədə qeydə alınıb. Bundan əlavə, arxeoloji məlumatlara əsasən, Xalkolit dövrünə (Mis və Daş dövrü) aid olan Gül Təpə, Sıçan Təpə, Tikan Təpə kimi qədim təpələr və yerlərin də ən qədim dövrlərdə məskunlaşdığını bilirik. Daş Qalası və ya Zəhhak qalasının Əcəbşir şəhərindən yalnızca 25 kilometr aralıda yerləşməsi də bu bölgənin qədim tarixinin daha bir sübutudur.
Qacar şahzadələrinin sevimlisi
İslamdan əvvəlki dövrə aid beş tarixi qalanın bölgədə yerləşməsi, həmçinin Səfəvilər dövrünə aid Şiraz, Zeyvə, Qozulca və Həsən bəy Dizəsi qəbiristanlıqları ilə yanaşı Səlcuq-İlxanilər dövrünə aid çoxlu sayda məscid və tarixi tikililərin olması da bu bölgənin qədim tarixinin daha sonrakı dövrlərdə davam etdiyini göstərir. Əcəbşir bölgəsi Türk-Qacar dövlətinin hakimiyyəti dövründə (1789-1925) də diqqətdə idi. Biz bilirik ki, Qacarlar dövründə Azərbaycan fövqəladə əhəmiyyətinə görə, həmin sülalənin vəliəhdinin iqamətgahı olub. Əslində vəliəhd Azərbaycanda iqamət edərkən Azərbaycanın hökmdarı da sayılırdı və hətta Qacar şahlarının bəziləri Azərbaycanda doğulub. Nasirəddin şahın dövründə (1848–1896) onun oğlu Müzəffərəddin Mirzə Azərbaycanın vəliəhdi və hökmdarı idi. Müzəffərəddin Mirzə vəliəhd və hökmdar olaraq Azərbaycanda iqamət etdiyi dönəm Əcəbşir bölgəsinin idarəsini Qacar şahzadələrindən Məlik Qasım adlı birinə həvalə etmişdi. Məlik Qasımın və ondan sonra yerinə keçən iki oğlunun - Rza Qulu Mirzə və İmam Qulu Mirzənin bu rayonun tərəqqisində, inkişafında, çiçəklənməsində böyük rolları olub.
Şəhərin tərəqqi səbəblərindən biri də qədim və məşhur Azərbaycan-İraq-Şam yolunun üstündə olmasıdır. Bu səbəbdən orada prestijli iqamətgahlar və karvansaralar yerləşirdi. Böyük Azərbaycanın Bakı, Gəncə, Naxçıvan, Ərdəbil, Təbriz kimi şəhərlərindən İraqdakı ziyarətgahları və Məkkəni ziyarət etmək üçün səfərə çıxan iri ticarət və zəvvar karvanları orada qısa və ya uzun müddət dayandıqdan sonra səfərlərini davam etdirirdilər. Ərazidə bu köhnə karvansaraların qalıqlarına dair çoxsaylı nümunələrə rast gəlmək olar. Hazırda çoxu xarabalığa çevrilmiş olsa da, bu binalar hələ də şəhərin qədim tərəqqisindən və şanlı keçmişindən xəbər verir.
Rahmanlı limanının bu günü
Münbit torpaqlara malik olması, Urmiya gölünün yaxınlığı, yeraltı su ehtiyatları və gur çayların varlığı bu bölgədə tarixən əkinçiliyin çiçəklənməsinə səbəb olub. Lakin son illərdə Urmiya gölünün qurudulması bu bölgəyə, o cümlədən kənd təsərrüfatı sahəsinə bərpaolunmaz ziyanlar vurub. Bu zərərin böyüklüyünü yerli rəsmilər belə dəfələrlə etiraf ediblər. Həmin rəsmilərin bildirdiyinə görə, şəhərdə Urmiya gölünün sahilindəki quyuların 65%-dən çoxu şoranlaşıb və artıq istifadə olunmur. Gölə yaxın bir çox kəndlərin sakinləri evlərini və torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. Bu məsələ kənd təsərrüfatı sahəsinə külli miqdarda ziyan vurub və ekoloji problemlər yaradıb, eyni zamanda bölgənin sakinlərinin həyatını da təhlükə altına alıb.
Bir vaxtlar yük və sərnişin gəmilərinin lövbər saldıqları Rahmanlu limanı bu gün xarabalığa çevrilib. Əgər limana baş çəksəniz, o səsli-küylü hərəkətli səhnələri görmək əvəzinə, kədərli, hüznlü bir səssizlikdən başqa heç nə görməyəcəksiniz. Nə qədər insan bu limanda çalışaraq özünün və ailəsinin dolanışını təmin edirdi. Bu gün onlar da göl kənarındakı kəndlərin sakinləri kimi məcburən başqa yerlərə köçmək məcburiyyətində qalıblar.
Əcəbşir türklüyün keşiyində
Güney Azərbaycanın başına gələn bu fəlakətləri görən Azərbaycan Türkləri, xüsusilə də Azərbaycan gəncləri bu məsələyə laqeyd qalmayıb. Bir yandan Urmiya gölünün qurudulmasına və torpaqlarının zəhərlənməsinə, bir yandan da bütün mədəni varlıqlarını təhlükə altında görən bu gənclər, Azərbaycan mədəniyyətini, tarixini, dilini, suyunu, torpağını qorumaq uğrunda ciddi fəaliyyətlərə başlamışdılar.
Günümüzdə Güney Azərbaycan türkləri, xüsusilə gənc nəsil, hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, Azərbaycanlılığını, türklüyünü, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamağa qətiyyətli görünür. Mərkəzi hökumətin mədəni, iqtisadi və siyasi təzyiqlərinə qarşı qəti iradə ilə dayanan bu insanlar Güney Azərbaycana parlaq gələcək vəd edir. Düzdür, onların Azərbaycan mədəniyyətini silməyə çalışan dövlət qurumları ilə müqayisədə imkanları çox azdır, lakin onların sarsılmaz iradəsi yeni nəsil Güney Azərbaycan türklərində öz kimliyinə qayıtmaq istəyinin gündən-günə güclənməsinə səbəb olub.
Daha əvvəl Güney Azərbaycanın başqa şəhərləri və bölgələri haqında da yazdığımız kimi, baxmayaraq ki, son 100 ildə mərkəzi hökumət Güney Azərbaycan xalqını assimilyasiya etməyə çalışmış, Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, dili bu şəhərdə və Azərbaycanın digər şəhərlərində hələ də yaşamaqdadır. Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, çərşənbə axşamı, Novruz bayramı, sayaçılar, kosa, təkəmçilər, Çillə gecəsi, “Koroğlu” dastanı kimi adətlər, dəblər, ənənələr və mənəvi zənginlikləri bu şəhərdə yaşadıqca demək ki, Azərbaycan da yaşayacaq.
Həsən Dəmirçi kimdir?
Bunu da qeyd etmək yaxşı olar ki, Əcəbşir bölgəsi böyük insanların doğulduğu və böyüdüyü yer olub. Şübhəsiz ki, bu böyük insanlar arasında Həsən Dəmirçi, yaxud Həsən Azərbaycanın xüsusi yeri vardır. Həsən Dəmirçi bütün məhdudiyyətlərə və məhrumiyyətlərə baxmayaraq, özünü Azərbaycan mədəniyyətinin və musiqisinin qorunub saxlanmasına və inkişafına həsr edən bir sənətkar idi. O, bəstələdiyi musiqilərlə, müxtəlif musiqi səhnələrində etdiyi çıxışlarla, yazdığı kitablarla, yetişdirdiyi tələbələrlə, çaldığı Azərbaycan tarı ilə və hərarətli və cəsarətli çıxışlarıyla Güney Azərbaycan türklərinin qəlbində özünə toxunulmaz bir yer açıb. Bunun üçün də Güney Azərbaycan türkləri onu Həsən Dəmirçi deyil, Həsən Azərbaycan deyə səsləməyi tərcih etdilər. Güney Azərbaycanın bu ölməz igid oğlu həyatının son anına qədər Azərbaycan eşqi ilə yaşadı və Azərbaycan eşqini yaşatdı.