

İranın məhkəmə sistemi hökumətin bəzi korrupsiya əməllərini ifşa edən jurnalist Yaşar Sultaninin Mərkəzi Bankdan 61 ton qızılın yoxa çıxması ilə bağlı araşdırmasına görə cinayət işi qaldırdığını bildirib. Eyni zamanda, İran Mərkəzi Bankı da cənab Soltaninin qaldırdığı məsələlərə aydınlıq gətirmədən, jurnalistdən şikayət edəcəyini bildirib.
Gunaz.tv
Azərbaycanlı jurnalist Yaşar Sultani Məhəmməd Bağır Qalibafın administrasiyası ilə bağlı olan “Tehran Bələdiyyəsinin daşınmaz əmlakı” adlanan işin ifşaçısı kimi tanınır və indiyədək İranda korrupsiya ilə bağlı bir neçə xəbər dərc edib.
Yaşar Sultani bazar günü “Mərkəzi Bankın 61 ton qızılının bir ildə yoxa çıxması / İdxal edilmiş qızılın müəmmalı taleyi!” başlıqlı hesabat paylaşıb. Onun sözlərinə görə, İran gömrük məlumatı 2024-cü ilin ilk 10 ayında İrana təxminən 81 min 591 kiloqram qızılın daxil olduğunu göstərir. Qanuna görə, bu qızıl İran bazarında müxtəlif formalarda satılmalı və istifadəçilərin ixtiyarına verilməlidir. Amma ümumilikdə bunun cəmi 15 805 kiloqramı bazara daxil olub.
“Əslində 61500 kiloqram qızılın ölkəyə daxil olması ilə bağlı heç bir xəbər yoxdur və biz bu qızılın harada və hansı təşkilat və ya qurumun əlində olduğunu bilmirik.” - deyə Sultani qeyd edib.
Mərkəzi Bank isə bu məsələ ilə bağlı açıqlama vermədən cənab Sultanini şikayət edəcəyini bildirib.
Mizan Xəbər Agentliyi iddia edib ki, cənab Sultani Mədəniyyət və Media Məhkəməsində çıxış etdikdən sonra məhkəmə orqanı ondan sənəd və dəlil tələb edib və o, “Mərkəzi Bankdan 61 ton qızılın itirilməsini göstərən heç bir dəlil və ya sənəd təqdim etməyib və buna görə də ona qarşı cinayət işi açılıb."
Yaşar Sultani isə öz sosial media hesabında xəbər agentliyinin dediklərini təkzib edib. O, məhkəməyə çağırıldıqdan sonra Mərkəzi Bankın internet saytından, İran Gömrük saytından və ölkənin valyuta sistemindəki hesabatlara əsaslanan bütün sənədləri prokuror müavininə təqdim etdiyini deyib.