

5 ay 17 günlük mülki və hüquqi mübarizədən sonra Məsud Səfərinin ailəsi Vətəndaşlıq Qeydiyyatı Təşkilatını Sevgi, Elnur və Elşən adlı üçəmlərinə doğum haqqında şəhadətnamə verməyə razı salıb.
Gunaz.tv
Balamın Adı kampaniyasından verlən məlumata görə, biri qız və ikisi oğlan olan bu üçəmlər 2024-cü il sentyabrın 5-də dünyaya gəlib və valideynləri onlara Sevgi, Elnur və Elşən türk adlarını seçiblər.
Lakin Təbriz Vətəndaş Qeydiyyatı İdarəsinin əməkdaşları bu adlara doğum haqqında şəhadətnamə verməkdən imtina edərək, Tehrandan “Həmzə” hərfi olan adlara doğum şəhadətnamə verilməməsi ilə bağlı göstəriş gəldiyini və doğum haqqında şəhadətnamələrin veriləcəyi təqdirdə bu adların “Sugi", "Əl-Nur" və "Əl-Şen” kimi yazılacağını bildiriblər.
Belə yalnız yazılışla razılaşmayan Səfəri ailəsi Vətəndaş Qeydiyyatı İdarəsini şikayət edib və 4 aylıq süründürməçilikdən sonra məhkəmə ailənin xeyrinə qərar çıxarıb. Ancaq Təbriz Vətəndaşlıq Dairəsi üçəmlərə doğum haqqında şəhadətnamə vermək əvəzinə məhkəmənin qərarından apellyasiya şikayəti verib və iş Apellyasiya Məhkəməsinə verilib. Nəhayət Apellyasiya Məhkəməsi də ailəninxeyrinə qərar verdikdən sonra Təbriz Vətəndaş Qeydiyyatı İdarəsi üçəmlərə düzgün yazılışla doğum haqqında şəhadətnamə verib.
Xatırladaq ki, bu kimi süründürməçilik halları valideynləri türk adları seçməkdən çəkindirmək məqsədi daşıyır. Rejim insanları get-gələ salmaqla, doğum haqqında şəhadətnaməni gecikdirməklə ana-ataları sistemin təklif etdiyi qeyri-türk, yaxud fars dilinə uyğunlaşdırılmış türk adları seçməyə sövq edir.