Təbrizdə Fəthullayev Evinə ciddi ziyan dəyib Güney Azərbaycan

Təbrizdə Fəthullayev Evinə ciddi ziyan dəyib

Təbrizdəki gözəl, qədim və milli binalardan biri olan Fəthullayev Evi təhlükə altındadır və bu vəziyyətin qarşısının alınması üçün məsul qurumlar tərəfindən təcili tədbirlər görülməsi çox zəruridir.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycanın Mədəni İrs idarəsinin baş direktorunun müavini Vahid Nəvadad İRNA-ya danışıb.

Onun bildirdiyinə görə, tarixi abidənin ərazisi və mülkiyyəti Mədəni İrs Baş İdarəsinin nəzarətində deyil və idarə abidənin ətrafındakı əraziləri öz səlahiyyət dairəsinə keçirmək üçün hərəkətə keçməlidir. O, ətrafdakı bəzi mağazaların ərazilərinin alındığını, ancaq satınalmaların tam həyata keçmədiyini deyib. Tarixi abidənin yenidənqurması üçün isə onun bütün ərazisi idarənin səlahiyyət dairəsində olmalıdır.

Vahid Nəvadad öncəki illərdə abidənin bərpa edilməyə çalışıldığını, ancaq iş zamanı abidənin konstruksiyasına ciddi ziyan dəydiyini bildirib.

“Fəthullayev evi son 50-100 il ərzində davamlı olaraq istismar olunur və bu, kərpic bünövrələrin sökülməsi və onların dəmir tirlərlə əvəzlənməsi kimi ərazidə müxtəlif dəyişikliklərə gətirib çıxarıb ki, bu da bütün kompleksə ciddi ziyan vurub.” - deyə Vahid Nəvadad bildirib.

Qeyd edək ki, bu tarixi abidə 150 il öncə Qacarlar dönəmində inşa edilib və 2005-ci ildə Milli Abidələr Siyahısında qeydə alınıb.