

18 Aprel 19:52
Urmu gölünü kənd təsərrüfatının inkişafı bəhanəsi və qeyri-peşəkar bəndlər inşa etməklə məhv etdik.
Gunaz.tv
Bunu Urmu şəhərinin İran parlamentindəki millət vəkili Şəhin Cahangiri İran Prezidenti Məsud Pezeşkiana ünvanladığ məktubda yazıb.
"Gələcəkdə övladlarımız bizə tapışırılan əmanəti niyə qoruyub saxlamadığımızı, laqeyd və zalim yanaşdığımızı soruşacaqlar, gəlin elə edək ki, tarix qarşısında başı uca cavab verə, missiyamızı layiqincə yerinə yetirə bilək və Urmu gölünün mesajını aldığımızı sübut edək",- o bildirib.
Şəhin Cahangiri məktubunun davamında Urmu gölünün quruma səbəbləri, bununla bağlı məsuliyyət daşıyan aidiyyətli qurumların laqeydliyi və problemin həll yolları barədə fikirlərini yazıb.
Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
Buna baxmayaraq, son məlumata görə, göldə ekoloji problem davam edir və hazırda Urmu gölündə olan su həcmi 1 milyard 340 milyon kubmetrdir.
Bununla yanaşı göldə suyun səviyyəsi 1270,28-ə qədər azalıb, gölün sahəsi isə 1140 kvadrat kilometrə qədər kiçilib.