

Təbrizin ən böyük müəssisələrindən olan "İranxodro" avtomobil istehsalı zavodunun işçiləri aprelin 20-dən başlayaraq yenidən tətil elan ediblər.
Gunaz.tv
Narazı işçilər bu barədə sosial media platformalarından məlumat yayıbıar.
"Zavod işçiləri qanuni hüquqlarının pozulması, zavodun Tehran bölməsi işçiləri ilə Təbrizdəki işçilərinin əmək haqları arasında böyük fərq olmasını ayrı-seçkilik kimi qəbul edir və buna görə də səslərini əlaqədar qurumlara çatdırmaq üçün tətil elan ediblər",- məlumatda bildirilib.
Onların sözlərinə görə, hazırda 1500 işçisi olan zavod rəhbərliyi işçilərin əmək haqlarının artırılması ilə bağlı dəfələrlə edilən müraciətləri cavabsız qoyub.
Bu, son bir neçə ildə zavod işçilərinin keçirdiyi onlarla etiraz və tətil aksiyalarından biridir.
Bundan öncəki aksiyalarda işçilər yuxarıda qeyd olunan problemlərlə yanaşı iş təsnifatının olmamasına, iş şəraitinin ağır olamsına, gecikdirilmiş əmək haqlarının ödənilməməsinə, əmək müqavilələrinin 3 aydan bir yenilənməsinə, iş təhlükəsizliklərinin olmamasına etirazlarını bildirmişdilər.
Qeyd edək ki, “İranxodro” şirkətinin nominal istehsal gücü ildə 130 min avtomobil təşkil edir. Zavod rəhbərliyinin iddiasına görə, 2006-cı ildə təsis edilən zavodda bu günə kimi bir milyondan çox minik avtomobili və furqon istehsal edilib.