

Evin həbsxanasında məhbus olan türk vəkil və fəalı Tahir Nəqəvinin təcili əməliyyata ehtiyacı olmasına baxmayaraq, onun ixtisaslaşdırılmış müalicədən məhrum edilməsi davam edir.
Gunaz.tv
“Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə beş illik cəzasının on dördüncü ayını çəkən azərbaycanlı fəalın fiziki vəziyyəti ağırdır.
Həbsxana həkimi uzun zaman öncədən onun səhhətini yoxlamaq üçün xüsusi analizlər və ultrasəs müayinələri tələb etsə də təhlükəsizlik və məhkəmə məmurlarının süründürməçiliyi bu siyasi məhbusun fiziki vəziyyətinin tədricən pisləşməsinə səbəb olub.
Nəhayət, bazar günü, aprelin 20-də aylarla gözlədikdən sonra onun Təcriş Şəhidləri Xəstəxanasına göndərilməsi razılaşdırıldı. Test nəticələri göstərdi ki, onun sidik kisəsində və prostat vəzində anormal qalınlıqda kütlələr var, bu hal dərhal cərrahiyyə və həbsxanadan kənarda tibbi nəzarət tələb edir.
Həkimlərin təcili cərrahiyyə əməliyyatının aparılmasının vacibliyini vurğulamasına baxmayaraq, məhkəmə və təhlükəsizlik orqanları onun həbsxanadan kənarda ixtisaslaşmış tibb mərkəzlərinə köçürülməsinə mane olmaqda davam edirlər.