

Qaşqaylar Şiraz valiliyinin qarşısında İran rəsmiləri tərəfindən kimliklərinin və milli geyimlərinin müsadirə edilməsinə və Lur xalqı adı altında qeydiyyata alınmasına etiraz ediblər.
Gunaz.tv
Bu etirazların səbəbi İran İslam Respublikasının Qaşqay türklərinin milli geyimini Lur xalqının adına qeydiyyata almasıdır ki, bu da Qaşqay xalqının mədəni kimliyini təhdid etməklə yanaşı, lur və türk xalqları arasında nifaq yaradıb.
Mitinqdə etirazçılar “Qaşqay ölər, rəzaləti qəbul etməz” şüarları səsləndiriblər.
Qaşqaylar həmçinin “Türk Milləti Var Olsun, Qaşqaylar Sağ Olsun” şüarını səsləndirərək türklərin birlik və həmrəyliyini vurğulayaraq, bütün türkləri Qaşqay türklərinin milli geyimlərinin və mədəni əmanətlərinin bilgisiz insanlar və ya yanlış siyasətlər tərəfindən talan və təhrif edilməsinə imkan verməməyə çağırıblar.
Qaşqay milli geyiminə hörmətlə yanaşmağın, onun müsadirə və təhrif edilməsinin qarşısının alınmasının vacibliyini vurğulayan etirazçılar tələbləri yerinə yetirilməyənə və mədəni hüquqları təmin olunmayana qədər aksiyalarını dayandırmayacaqlarını açıqlayıblar.