Güney Azərbaycanda ana dilinin statusunun yüksəldilməsi uğrunda mübarizədə yeni medianın rolu Güney Azərbaycan

Güney Azərbaycanda ana dilinin statusunun yüksəldilməsi uğrunda mübarizədə yeni medianın rolu

4-cü yazı

"Araz" qəzetinin məsulu Ə.N.Şeyx Əhməd qəzetin vəziyyəti barədə Amiliyə məlumat verərək bildirmişdi: "Ərdəbil əyalətinin məsullarını tənqid etmək olmur. Hər hansı idarə rəhbərini tənqid etmək az qala qəzetin bağlanmasına gətirib çıxara bilir. Biz çalışırıq ki, qanun çərçivəsində hərəkət edərək qırmızı xətləri keçməyək. Biz Azərbaycan xalqının hüquqlarını müdafiə edirik. Ələlxüsus ana dilində təhsil və Ana Yasanın 15-ci maddəsinin icra olunmasını istəyirik". Görüşdə iştirak edən digər höccətül-islam Əzimi isə Qurani-Kərimin "Rum" surəsinin 22-ci ayəsinə istinad edərək demişdi: "Bu ayə dillərin müxtəlif olması haqdadır. Əgər Allah məsləhət bilsəydi, bütün insanları birdilli yaradardı. Millətlərin ana dilini məhv etmək, onu farslaşdırmaq nəzəriyyəsi məntiqə ziddir. Bu nəzəriyyə türkdillilərin tarixini təhrif etməkdir".
Höccətül-islam Əzimi Sulduz şəhərində çıxan "Ərmağane-Azərbaycan" qəzetində İran hökuməti qarşısında qoyduğu tələbləri qruplara bölərək yazırdı: "Biz aşağıdakıları istəyirik:
- müxtəlif millətlərin öz ana dilində təhsil almasının ölkə Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsini;
- yerli dildə televiziya verilişlərinin yayımlanmasını;
- türk, kürd və başqa dillərdə akademiyanın yaranmasını;
- Konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq qanun çərçivəsində nəşr olunan yerli qəzetlərin fəaliyyətinə maneələrin törədilməməsini;
- türkdillilərin tarixini təhrif edən şovinist tarixçilərin qarşısının alınması".
Əzimi qeyd edirdi ki, "Dövlət orqanlarında işləyənlər iğtişaş salıb türklərə yuxarıdan aşağı təhqiredici münasibət göstərirlər. Biz belə davranışlara qarşı mübarizə etmək istəyirik". Beləliklə, hakimiyyətdə təmsil olunan mühafizəkarların azərbaycanlı nümayəndələri belə ana dilinin funksiyalarının genişləndirilməsi və bu mübarizədə uğur qazanmaq üçün vahid mövqedən çıxış etmək və siyasi cəhətdən təşkilatlanmağı vacib sayırdılar: "Yerli qəzetlər, ziyalılar, türkdilli şüurlu tələbələrimiz siyasi partiyaların olmaması ucbatından təkbaşına emosionallıqla siyasi təşkilatların da funksiyalarını öz üzərinə götürüblər. Partiya və başqa ictimai təşkilatların yoxluğu üzündən pərakəndə fəaliyyət göstərirlər".
"Can Azərbaycan" qəzetində ana dili ilə bağlı tələblərini əks etdirən Hüseyn Sədiq "İslam inqilabı və ədəbiyyatımız" adlı məqaləsində qeyd edirdi: "İslam inqilabının düşmənləri ədəbiyyatımızın da qaniçən düşmənləridir. Onlar yenə də şahənşahlıq dövründə olduğu kimi, İran türklərinin savadlanmasına, türkcəni akademik və elmi olaraq öyrənmələrinə qarşı çıxır, ədəbiyyatı zəiflədirlər. Bununla da İslam inqilabına zərbə vururlar". Müəllif İslam inqilabının nəticələrinin inkişafı üçün Azərbaycan türkcəsinin özünə layiq inkişafı və genişlənməsi üçün gənclərə aşağıdakı tövsiyələri etmişdi:
1. Öz dilini övladına öyrətməkdən utanan və çəkinən hər bir azərbaycanlını qınayıb, onu bu çirkin və mənfi hərəkətdən çəkinməyə təşviq edin.
1. Dilimizdə nəşr olan kitab və mətbuatın hərtərəfli yayılmasına yardım edin.
2. Danışdığımız kimi məktublaşma da türkcə aparılsın.
3. Mədrəsələrdə və daneşqahlarda dövlət orqanlarının yardımı ilə türkcə dərs kilasları açaq və nəşr olan türkcə mətbuat və kitabları uluslara aparaq.
Müəllif bu tipli tövsiyələri, eyni zamanda, məsul nümayəndələr üçün də ünvanlamışdı: İranın türk əyalətlərində ibtidai məktəblərdə dərslər türkcə və farsca aparılmalıdır. Rahnəmai və dəbiristanlarda ən azı, həftədə iki dərs türkcə tədris edilməlidir. İranın bütün mötəbər daneşqahlarında türk dili və ədəbiyyatı bölmələri açılmalıdır. Bütün dövlət orqanları fars dili ilə yanaşı, türkcə mətbuat və kitablar buraxmalıdırlar. "Fərhəngestane zəban və ədəb farsi" yanında bu milli inqilabi namusumuzu qurmaq üçün "Türk dili şöbəsi" yaranmalıdır. "Mədəni İnqilabın Ali Şurası"nda da "Türk dili" şöbəsi yaranmalıdır.
H.Sədiq İslam inqilabını müsbət qiymətləndirir, lakin hökumət dairələrini inqilabın nəticəsində əldə olunmuş çox məhdud milli hüquqları yerinə yetirməyə çağırırdı. Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi baxımından silsilə məqalələrin dərc olunduğu nəşrlərdən biri də "Dilmanc" dərgisi idi. Dərgidə ana dili ilə bağlı elmi, publisistik ma¬teriallar çox geniş əks olunurdu. Fəridə Əsgərniya, Camal Ayrımlının və İsmayıl Mədədi Ülkərin həmin dövri nəşrlərdə işıq üzü görən bu səpgili məqalələri maraq doğurur.
Beləliklə, 1979-2005-ci illərdə nəşr olunan mətbu orqanlarının fəaliyyətini izlədikdə aşağıdakı nəticəyə gəlinir:
- Bu nəşrlərin tematikasına nəzər salanda aydın görünür ki, orada radikal siyasi mübarizə elementləri, siyasi çağırış və tələblər yoxdur və ya varsa da qabarıq deyil, onların səhifələrində ana dili, elementar milli-mədəni haqlar məsələlərinə daha çox yer verilir.
- Böyük bir qismi Azərbaycan dilində nəşr olunan mətbu orqanları fars dilinin mütləq üstünlüyünü aradan qaldırır, ana dilində yazıb-oxumağın nəinki mümkün, həmçinin zəruri olduğunu açıb göstərməyə çalışırlar.
- Bəzi hallarda bəsit və kortəbii xarakter daşımalarına, Azərbaycan ədəbi dili üslubuna riayət olunmamasına, fars təhsilinin və təfəkkür tərzinin təsiri altında olub fikirlərin çox halda dolaşıq şəkildə ifadə edilməsinə baxmayaraq, bu mətbu orqanlar mütərəqqi və demokratik əhval-ruhiyyəli olmaları ilə seçilir.
1997-ci ildən yeni media kimi formalaşan internet resursları qısa bir müddətdə təbliğat mexanizminə çevrildi. XXI əsrdə internet dünya miqyaslı, çap mediası ilə müqayisədə daha geniş fəaliyyət sisteminə çevrilməklə insanları, xalqları yaxınlaşdırdı, dünyanı "kiçik bir kəndə" çevirdi. Belə bir dövrdə bir-birindən ayrı salınmış, hüquqları tapdalanan xalqlar yeni mübarizə meydanı və vasitələri əldə etdilər. Müasir informasiya və kommunikasiya texnologiyaları söz azadlığı qarşısında yaradılan maneələri aradan qaldırmağa yardım etdi. İnternet Cənubi və Şimali azərbaycanlıların yaxınlaşmasında, vahid Azərbaycan ideologiya¬sının yayılmasında və azərbaycanlıların bu ideya uğrunda mübarizəsinin şəbəkəli idarəçilik əsasında təşkilatlanmasında böyük rol oynadı və bu istiqamətdə fəaliyyət hazırda genişlənməkdədir. İranda Azərbaycan dilinin statusunun yüksəldilməsi, Azərbaycan dilinə fars dili ilə bərabər hüquqların verilməsi, həmçinin İranda yaşayan azərbaycanlıların mədəni, siyasi və iqtisadi hüquqlarının təmin edilməsi uğrunda həm İranda yaşayan, həm də mühacir ziyalıların mübarizəsinin əlaqəli təşkilatlanmasında yeni medianın rolu danılmazdır. Həm yerli və diaspor təşkilatlarının, həm də mətbuat orqanlarının internet saytları vasitəsilə yayılan informasiyaları çox böyük əhəmiyyət kəsb edir və tədqiqat işində məhz bu saytlarda olan informasiyalara da istinad edilib. Bu sırada www.akbar-rooz.com; www.varliginsesi.com; www.gamoh.org; www.tribun.com; www.deergIlerfestIvalI.18.com; http:azerbaijan - conqress.com; http:www.gunaskam/com; www.türkfederasyon.com; www.amc.org; oyrenci.orq; araznewes.net; gunaz.tv; gunazport.com; tebrizsesi.com; arkqalasi.com; http://az.azadtribun.net; shamstabriz.com; achiq.orq; danulduzu.20.com; meskin-students-bt.bloqfa.com; ardabil.net; azbil.top.com; sayan.bloqfa.com və digər saytlarda yerləşdirilmiş informasiyalardan istifadə edilib.
Bu sırada "Günün xəbərləri" mətbuat orqanının www.ahbar-rooz.com saytında Cənubi Azərbaycanda dil problemi ilə bağlı yayımlanan məqalələri xüsusi maraq doğurur. Həmin saytda Vahid Qarabağlının "Dil bəşəriyyətin mədəni xəzinəsi kimi" sərlövhəli məqaləsində İranın Azərbaycan dilinin məhv edilməsi istiqamətindəki siyasəti pislənilir, dilin məhv edilməsi millətin məhv edilməsi kimi qiymətləndirilirdi.
"Tribun" dərgisinin www.tribun.com saytında eyni mövzulu məqalələr yayımlanırdı. Burada Tehran, Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin, Əhər və Azərbaycanın bir çox şəhərlərində şeir gecələrinin qurulması və türkcə yazıb-oxumanın məqsədli şəkildə həyata keçirilməsi haqqında məlumatlar yerləşdirilirdi. Saytda Rza Bərahaninin Azərbaycan dilinin inkişaf tarixi haqqında yayımlanan tədqiqatları böyük maraq və əhəmiyyət kəsb edirdi. Rza Bərahani İranda insan hüquqlarının pozulması, milli dillərin assimilyasiyası, milli mədəniyyətlərə və ilk növbədə Azərbaycan mədəniyyətinə qarşı təzyiqlər haqqında məlumat verir, ayrı-ayrı siyasi rejimlərin hakimiyyəti dövründə Azərbaycan dilinin mövqeyini analiz edir. "Tribun"un veb-səhifəsində dillə bağlı ya¬yımlanan maraqlı araşdırmalardan biri də Siyavuş Hüseynəlizadə- nin "Dil psixolojisi" adlı məqaləsi idi. Millətin və milli şüurun formalaşmasında dilin psixoloji təsir xüsusiyyətlərini öyrənən müəllif, belə qənaətə gəlir ki: "dilin dəyişməsi düşüncənin, kişiliyin, kimliyin dəyişməsinə gətirib çıxarır". Siyavuş Hüseynəlizadə əmindir ki, dilin tələffüz xüsusiyyətləri millətin üz cizgilərinin, fizionomiyasının formalaşmasında da əhəmiyyətli rola malikdir.
Azərbaycan dili ilə bağlı maraqlı məqalələrin çap olunduğu saytlardan biri də shamstabriz.com-dur. Burada "Ana dilində təhsilin vacibliyi" haqqında yerləşdirilən məqalə xüsusi maraq kəsb edir. gunazport.com saytı da güney azərbaycanlıların hüquqlarının qorunması uğrunda mübarizə aparırdı. Tebrizsesi.com saytı da cənubi azərbaycanlıların milli, mədəni, siyasi və digər hüquqlar uğrunda mübarizəsini əks etdirən tribunalardan biri idi. Saytda həm Güney, həm də Quzey Azərbaycanın ictimai inkişaf tarixi, müasir siyasi vəziyyəti, xüsusilə də Qarabağ münaqişəsi ilə bağlı məqalələr yer alırdı.
Qeyd olunan internet resurslarının hər birində bütöv Azərbaycan ideologiyası təbliğ olunurdu. Həmin saytlarda Azərbaycanın müasir inkişaf istiqamətlərini, mövcud problemlərini, xüsusilə Qarabağ problemi ilə bağlı vəziyyəti təhlil edən məqalələr yayımlanırdı. Qeyd edilən veb-səhifələrin Güney Azərbaycanın müstəqilliyini, cənubi azərbaycanlıların azadlıq uğrunda mübarizəsini, İran şovinizminin assimilyasiya siyasətinin ifşa olunması istiqamətində diasporun fəaliyyətini əks etdirən məlumatlar yer alırdı. Beləliklə, cənubi azərbaycanlılar mübarizələrini həm də virtual məkanda aparmaqla onun miqyasını, təbliğ və təsir dairəsini genişləndirə bildilər. Bu da ana dili uğrunda mübarizənin şəbəkəli təşkilatlanmasına və idarə edilməsinə şərait yaratdı.

Yeganə Hacıyeva