Çağdaş Güney Azərbaycan epik şeirinin qaynaqları Güney Azərbaycan
1-ci yazı
Şifahi xalq ədəbiyyatında nağıl və dastan qəhrəmanlarının dili ilə bəşəri qayə, amal və fikirlər ifadə edilir və belə nümunələr hər zaman əhəmiyyətlidir. Geniş yayılmış xalq tamaşa və oyunları ("Kilimarası", "Tənbəl Qardaş", "Bic nökər", "Motal-motal", "Kosa-kosa", "Qodu-qodu" və s.), əmək nəğmələri, mahnılar, ilin fəsilləri, xalqın məişəti və inancları ilə bağlı olan ayin və məra-simlər, əfsanə və rəvayətlər, lətifələr, rəqslər, eləcə də sinkretik yaradıcılıq növü olan aşıq sənəti, habelə təsviri və tətbiqi sənət nümunələri Azərbaycanda orijinal xalq yaradıcılığının varlığını, həmçinin qədimliyini sübuta yetirib. Təbii, "bütün xalqlarda olduğu kimi, Azərbaycan ədəbiyyatının da əsasını daha çox kollektiv yaradıcılıq xüsusiyyətlərinə malik olub ancaq şifahi surətdə ağızdan-ağıza, nəsildən-nəslə keçərək gələn, məharətli söz ustalarının ifasında getdikcə cilalanan müxtəlif ibtidai əmək nəğmələri, nağıl, əfsanə, atalar sözü, məsəllər və s." folklor nümunələri təşkil edir. Folklor əsərləri hafizələrdə yaşadıqları üçün müəllifləri ya unudulub, ya da naməlum qalıb. Özü də bu, həmişə və hər yerdə belə olmayıb. Məsələn, Şərqdə, yaxud Asiyada və Qafqazda istər qədim, istərsə də müasir nəğmələrin, şeirlərin əksəriyyəti öz müəlliflərini çox möhkəm şəkildə yaşatmaqdadır.
Folklor incilərindən Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, Bəhmənyar, İmaddəddin Nəsimi, Nəsirəddin Tusi və digər klassiklərimiz ədəbi-bədii və fəlsəfi əsərlərində geniş şəkildə yararlanıblar. İstər Şimali, istərsə də Güney Azərbaycan ədəbiyyatında folklor xalqın fəlsəfə və psixologiya, sistem nəzəriyyəsi və modelləşdirməyə dair fikirlərini də ehtiva edir. Həmçinin bu qədim xalq ənənəsi dəqiq bir nöqteyi-nəzərlə bağlı şəkildə xalq ruhunun dərin elmi-metodoloji konsepsiyasını da müəyyənləşdirir. Yaradıcılıq işi bütöv, ardıcıl və məntiqli bir prosesdir ki, bu, özünü həm folklor nümunələrində, həm də yazılı ədəbiyyatda göstərir. Bir qayda olaraq folklor yazılı ədəbiyyat üçün bir mənbə olduğu kimi, yazılı ədəbiyyatdan da folklora mövzuların keçməsi təbii haldır.
XX əsrin ikinci yarısında İranda, eyni zamanda Güney Azərbaycanda formalaşan yazılı ədəbiyyatda bir sıra maraqlı və mürəkkəb proseslər özünü göstərir. Məhz bu dövrdə yazıçı və şairlər xalq həyatına üz tutmağa, öz əsərlərində xalqın tarixi keçmişinə, yaşantılarına, əsrlərin sınağından keçərək mövcudluğunu qoruyub saxlamış ağız ədəbiyyatına, folklor qaynaqlarına daha çox müraciət etməyə başladılar. Bu müraciətin bir əsaslı səbəbi yaradıcılıq prosesi və təfəkkürünün xarakteri və təbiəti ilə bağlıdır. Belə ki, yazan insan bəlkə özü də bilmədən yaddaşının onun üçün qaranlıq sahələrini qələmə alır, o mənada ki, şüuraltından sızaraq gələn ağrılar ağ kağızın üzərində gerçək həyat lövhələrinə bənzəsə də, əslində indiyədək "qaranlıq" qalan bir dünyanın qapılarını nişan verir. Yəni folklora, xalq yaradıcılığına, dolayısı ilə poetik yaddaşa müraciət hardasa məcburi bir prosesdir. Digər tərəfdən isə bu, müəyyən mənada yazılan əsərlərin çap prosesində mövcud olan qadağa və çətinliklərlə bağlı idi. Çünki folklor qaynaqlarına müraciət etməklə müəlliflər bir növ, özlərini "sığortalayır", başları üstündən asılmış "Domokl qılıncı"ndan qorunurdular.
Beləliklə, xalq əfsanə və rəvayətlərinin, mahnı motivlərinin əsasında yaranan əsərlərdən biri Həsən Məcidzadə Savalanın (1947) "Apardı sellər Saranı" poeması oldu. Savalan məşhur poemasını 1978-79-cu illər Bəhmən inqilabından əvvəl, 1966-cı ildə yazsa da, onu 12 il nəşr etdirə bilməmişdi. Səbəb aydın idi: əsərdəki milli-ictimai motivlər, xalq ruhunun inikası Azərbaycan dilində, türkcənin şirin ləhcəsində qələmə alınmışdı.
Savalan bir çox nəşriyyatın qapısını döyür və əsəri heç olmasa, folklor nümunəsi kimi çap etdirmək istəyir, lakin heç bir naşir bu məsuliyyəti boynuna götürmür. G.Səbahinin poemanın üçüncü çapına yazdığı ön sözdən məlum olur ki, bu əsər Savalanın 1966-cı ildən əvvəl yazmış olduğu üçüncü poemadır. Onlardan biri mövzusu Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun yaradıcılığından qaynaqlanan "Dinlə gəlin qayasın", digəri isə Milli hökumətin fədailərindən olan, öz idealı uğrunda canından keçən bir ananın obrazını yaratdığı "Ana" poemalarıdır ki, onların da çapı həmin illərdə gerçəkləşməmişdi. Çünki İranda və Güneydə Azərbaycan dilində kitab, qəzet, jurnal nəşri, uşaq bağçası və məktəblərdə bu dilin tədrisi qadağan idi. Bu tarixi mərhələdə "fars dilinin İranın qeyri-fars əhalisi arasında yayılmasına aid şahın özünün xüsusi göstərişləri vardı. Hələ 1958-ci ildə hökumət üzvlərinin iclaslarının birində Məhəmməd- əli şah Pəhləvi maarif nazirinə belə bir göstəriş vermişdi: "Elə et ki, fars dili uşaq bağçalarında, məktəblərdə və mətbuat orqanları vasitə-silə yayılaraq bir müddətdən sonra xalqın adət və vərdişinə çevrilsin və insanlar tədricən öz ana dillərini unutsunlar".
Yalnız 1978-79-cu illər İran İslam inqilabından sonra poema işıq üzü görür. Xalqımızın şanlı-şövkətli keçmişinin, milli mədəniyyətinin, çoxəsrlik zəngin ədəbi irsinin, milli-mənəvi sərvətlərinin inkar edilərək dilinin unutdurulduğu bir dövrdə belə bir əsərin yazılması, heç şübhəsiz ki, böyük hadisə idi.
Şair həm epik, həm də lirik poemalara xas olan məziyyətləri - epizmi və lirizmi özündə təcəssüm etdirən əsərdə Azərbaycan xalqının tarixi kimliyini, şərəfli bir inkişaf yolu keçdiyini bir daha xatırladaraq, ana yurdun füsunkarlığını, əsrarəngiz gözəlliklərini vəsf edir, iki sevən gəncin bədbəxtliyinə səbəb olan, atanı balasından ayırıb ocağını söndürən zalım, qəddar, yadelli hakim obrazı yaratmaqla yaşadığı dövrün eybəcərliklərini, insanlar arasındakı ayrı-seçkiliyi, qeyri-bərabərliyi, zalımın məzlumu əzmək, hüquqlarını boğmaq, tapdalamaq hərisliyinin bədii poetik mənzərəsini yaradır. Savalan fars şovinizminin İranda tüğyan etdiyi bir zamanda Güney Azərbaycan türklərinin ədəbiyyat və mədəniyyətinin başına olmazın müsibətlərin açıldığı çətin bir şəraitdə qədim xalq əfsanəsini Azərbaycan türkcəsində, ancaq öz fikir və düşüncə ampulasında qələmə alaraq çağımızla əfsanənin yarandığı dövrün müqayisəsini aparır. Oxucuya anladır ki, hakimlər üçün bu gün də heç nə dəyişilməyib, dövlət də, qanunlar da onların - "güclülərin", cahil məmurların diktəsilə idarə olunur, məzlumların, geniş kütlənin taleyi onların əlindədir. Əsər qədim xalq əfsanəsi "Xan çoban və Sara"nın mahiyyətini özündə yaşadan "Apardı sellər Saranı" xalq mahnısının motivləri əsasında qələmə alınıb. Əməkçi insanların, eşqində pak və son nəfəsədək sədaqətli olan sadə zəhmət adamlarının parlaq obrazları əsərə xüsusi təravət və oxunaqlılıq vermişdir. Epik-lirik poema adlandırdığımız bu əsərdə müəllif baş qəhrəmanlarla yanaşı, başqa bir obraz - Saranın böyüyüb boya-başa çatmasında əvəzsiz rol oynayan min bir naxışlı, cilvəli, füsunkar Azərbaycan təbiətinin obrazını da canlandırıb. Soltan qızını Arazın sularına təslim etdiyi zaman H.M.Savalanın yeni ədəbi dəyərlər prizmasından yanaşaraq yaratdığı təbiət obrazı ehtizaza gəlir. Bir ocağın sönməsinə, bədbəxtliyinə, atanın fəlakətinə, azğın bəşər övladının məzlum Soltana, Saraya və Xan Çobana etdiyi zülmə qarşı üsyan edir, buludlar toqquşur, ildırımlar çaxır, sellər-sular şaqqıldayır. Coşqun dalğalar gözəl Saranı qoynuna alır. "Təbiətin qəflətən coşaraq lərzəyə gəlməsi, Arazın qızı bağrına basması dünyanın sərvətindən, var-dövlətindən məhəbbət və ləyaqəti, şərəf və namusu üstün, müqəddəs tutan iki namus mücəssəməsinin izzəti-nəfsinin alçaldılmasından qoruyur. Şair bu üsulla - təbiətlə insan arasında sıx münasibətin mövcudluğunu verməklə qəhrəmanlarının xarakterini açmağa nail olur".
Əslində, "müasir şeirin təbiətə münasibətində və onunla ünsiyyət axtarışlarında diqqət çəkən səciyyəvi xüsusiyyətlərdən biri təbiətin kədərli halının insan əxlaqı və mənəviyyatı ilə bərabər verilməsi və lirik qəhrəmanın psixoloji məqamlarının təbiətlə ünsiyyətdə açılmasıdır". Heç şübhəsiz, H.M.Savalan "söz sənəti nə qədər təbiətlə, insanın lirik duyğu və düşüncələri ilə bağlıdırsa, bir o qədər də həyatla, ictimai proseslərlə, cəmiyyət quruculuğu və siyasi mübarizələrlə bağlı" olduğunu bir daha qabardıb. Bu mənada Savalanın "Apardı sellər Saranı" poemasında həsrət və ayrılığın nə qədər dözülməz, ağır və çətin olduğunu oxucu dərindən dərk edir. Çünki şair "bir ailənin faciəsini tarix boyu bir-birini əvəz edən qanlı işğalçı müharibələri, talan və vəhşilikləri nəticəsində Vətənə üz verən fəlakət kimi mənalandırıb. Zəhmətkeş insana xas olan əxlaqi gözəllik elin heç bir zaman əhəmiyyətini itirməyəcək adət- ənənələri vətərpənvərlik, əməksevərlik kimi mənəvi keyfiyyətlər əsərdə həm alimanə, həm də şairanə ifadəsini tapıb". Əlbəttə, şair öz qəhrəmanlarında gördüyü gözəl əxlaqi cəhətləri, xarakter cizgiləri əsil-kökünə, tarixi kimliyinə sıx bağlı olan xalqa məxsus mənəvi keyfiyyətlər kimi qiymətləndirir. Poemada Savalanın vətəndaşlıq mövqeyi, el-obaya, bağrından qopduğu xalqa sədaqətli övlad məhəbbətinin təzahürüdür. Yaratdığı bədii qəhrəmanlar - Gülnar, Soltan, Sara, Xan Çoban da əsil-nəcabətinə, soykökünə, Ana Vətənə sadiq insanlar, vətəndaşlardır.
Folklor nümunələrinin sistemli tətbiqini Güney ədəbiyyatında yaranmış başqa poemalarda da aydın görə bilirik. M.Şəhriyarın "Heydərbabaya salam" və "Gecənin əfsanəsi", B.Q.Səhəndin "Sazımın sözü", K.M.Sönməzin "İsanın son şamı" və "İtin vəfası", M.Biriyanın "Ərk qalası əfsanəsi", Ə.Alovun "Ərk qalası", H.M.Savalanın "Apardı sellər Saranı" və "Dinlə Gəlin qayasın", Şaminin "Qartal", M.T.Zehtabinin "Şahin zəncirdə" poemalarında folklor incilərinin meyar və ölçülərini oxucu müəyyən etməkdə çətinlik çəkmir. "Sazımın sözü" poemalar silsiləsində başlanışları el bayatıları, təkərləmələrlə başlayan Səhənd "Araz" poemasında da mövzuya uyğun olan məşhur bir bayatını örnək gətirməklə fikrin, dərdin poetik ifadəsinə nail olur və bu nümunə əsərə yüksək emosionallıq, kövrəklik qatır:
Arazı ayırdılar,
Qum ilən doyurdular.
Mən səndən ayrılmazdım,
Zülmnən ayırdılar.
Maraqlı faktdır ki, H.M.Savalan da "Apardı sellər Saranı" poemasını həmin xalq bayatısına uyğunlaşdıraraq qələmə aldığı bəndlə bitirir:
Saramızı ayırdılar,
Bizi qəmlə doyurdular.
Hər yetəni soyurdular,
Apardı sellər Saranı O qara telli balanı.
Esmira Fuad
filologiya üzrə elmlər doktoru