İranın ən “xoşbəxt” və ən “bədbəxt” əyalətləri bəlli olub Güney Azərbaycan

İranın ən “xoşbəxt” və ən “bədbəxt” əyalətləri bəlli olub

Müstəqil araşdırmaçıların İranda depressiyanın yayılması və intihar sayının artması barədə xəbərdarlıq etdikləri bir vaxtda, ölkənin “Cihadi Danişqahi” qurumu bu haqda yeni bir araşdırma aparıb.

Qurumun apardığı araşdırmaların nəticəsinə görə, İranın ən xoşbəxt əyasləti Zəncan, ən bədbəxt əyalət isə Yəzd seçilib.

Araşdırmaçılar ortalama 18-65 yaş arası, 27 min 883 nəfər arasında keçirdikləri sorğu və testlərdən sonra bu nəticəyə gəliblər.

Əhalidə xoşbəxtlik hissinin çoxluğuna görə ilk altı yeri Zəncan, Gülüstan, Buşehr, Hormuzqan, Kürdüstan, Qohquliyə və Boyir Əhməd əyalətləri tutur.

Bu araşdırmada xoşbəxtlik səviyyəsinə görə 6-cı yeri tutan “Qohquliyə və Boyir Əhməd” əyalətində son vaxtlar gənclər, özəlliklə qızlar arasında intihar sayının artması barədə xəbərlər yayılıb.

Araşdırmada əsas götürülən və sorğunun nəticələrinin əldə edilməsinə səbəb olan amillər, optimistlik səviyyəsi, həftəlik idman, ailə xoşbəxtliyi, asudə vaxtdan istifadə, sosial sərmayə, sağlamlıq səviyyəsi, eytim səviyyəsi, yaşayış yeri və gəlir səviyyəsindən ibarət olub.

Nəticəyə görə, əhalinin 39.3 faizi orta xoşbəxtlik səviyyəsinə malikdi, 35.4 faizi özünü xoşbəxt saymır, 3 faiz isə özünü çox xoşbəxt hesab edir.

Araşdırma nəticəsinin sıralamasında ən son yeri tutan Yəzd əhalisinin yalnız 12.3 faizi özünü xoşbəxt sayır.

Qeyd edək ki, araşdırmanı aparan “Cihadi danişqahi” təşkilatı İranın Mədəni İnqilab Ali Şurasının tabeliyində və İran Universitetləri ilə bağlı fəaliyyət göstərən qurumdur.

Gunaz.tv