Şəhriyar Məmmədyarov: Qlobal Şahmat Liqasını uğurlu çıxış etdiyim yarışlardan biri kimi xatırlayacağam İdman

Şəhriyar Məmmədyarov: Qlobal Şahmat Liqasını uğurlu çıxış etdiyim yarışlardan biri kimi xatırlayacağam

“Londondakı turniri uğurlu çıxış etdiyim yarışlardan biri kimi xatırlayacağam”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış qrosmeysteri Şəhriyar Məmmədyarov Londonda keçirilmiş Qlobal Şahmat Liqasında çıxışı barədə sosial şəbəkə hesabında yazıb.

39 yaşlı iti zəka sahibi turnirin həyəcanlı və çətin keçdiyini söyləyib: “Sürətli şahmat həmişə olduğu kimi zamanın məhdudluğunda verdiyimiz ani qərarlardan asılıdır və az səhv edən qalib gəlir. Mənə dəstək olan, yazan və təbrik edən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu turnir ərəfəsində mənim üçün ən maraqlı hadisələrdən biri Bakıda keçirilən rapid və blitz üzrə qadınlar arasında Azərbaycan çempionatı idi. Həyəcanverici məqam isə bacılarımın uğurları oldu. Zeynəb Məmmədyarova rapid, Türkan Məmmədyarova isə blitz üzrə çempion oldu. Onlarla qürur duyuram. Zeynəbin uğuru xüsusilə təsiredicidir. Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, Azərbaycan Şahmat Federasiyasının sosial layihələr üzrə rəhbəri və Məmmədyarovlar şahmat məktəbinin direktoru kimi, bu qədər məsuliyyətli işlərinin arasında Azərbaycan çempionu olmaq, sonra yenidən işinin başına qayıtmaq sözsüz ki, heyranedicidir. Ona demək istəyirəm ki, idman sənin işindir və Sumqayıtda daha yüzlərlə sənin kimi idmançının olacağına və buna görə əlindən gələni etdiyinə və edəcəyinə inanıram”.

Ş.Məmmədyarov bacılarının uğurunun Londondakı turnirdə yaxşı çıxış etməsində böyük rol oynadığını bildirib: “Türkan isə uzun müddət şahmatdan uzaq olsa da, yenidən qayıdıb çempion olmaq gücünü göstərdi. Onların bu nailiyyətləri mənə təsirsiz ötüşmədi. Qısacası, saysız-hesabsız medal kolleksiyamıza daha 3-ü əlavə olundu. Biz illərdir Azərbaycan üçün fədakarlıq etmişik və dövlətimiz də bizim üçün eyni qaydada fədakarlıq göstərib. Heç bir xarici qüvvə və təklif bizi bu ölkədən apara bilmədi, apara da bilməzdi. Vətənimizə olan sevgimiz hər zaman daha güclü qaldı”.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovun Qlobal Şahmat Liqasında çıxış etdiyi “Alaskan Knights” komandası finalda Teymur Rəcəbovun yer aldığı “Triveni Continental Kings” kollektivinə uduzaraq ikinci olub.