FHN-in qurumları arasında voleybol çempionatına yekun vurulub İdman

FHN-in qurumları arasında voleybol çempionatına yekun vurulub

Oktyabrın 14-18 -də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Nazirliyin qurumları arasında voleybol üzrə çempionat keçirilib.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İdman-sağlamlıq klubunun arenasında keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 14 komandadan 150-yə yaxın əməkdaş iştirak edib. Çempionatın baş hakimi Asif Əliyev olub.

Yarışın son günündə final görüşləri keçirilərək qaliblər müəyyən olunub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib.

Sonra qalibləri təbrik edən Nazirliyin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev FHN-in kişilərdən ibarət voleybol üzrə yığma komandasının respublika və beynəlxalq yarışlarda qazandığı uğurlarından bəhs edib. Yeni yaranan FHN-in “Xilasedici” voleybol komandasına isə gələcək yarışlarda uğurlar arzulayıb. Bundan əlavə, F.Musayev 10-13 oktyabr tarixlərində Fransa Respublikasının Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa çempionatında Azərbaycanı təmsil edən “Azərreyl” voleybol komandasının çempionluq qazanmasını qeyd edib, kişilərdən ibarət komandanın baş məşqçisinin, qadınlardan ibarət komandanın isə köməkçi məşqçisinin FHN-in Böhran Vəziyyətlərində İdaretmə Mərkəzinin əməkdaşı mayor Nihad Tarverdiyevin olduğunu vurğulayıb.

Qeyd edək ki, qurumlar arasında keçirilən voleybol çempionatında iştiak edən komandalar 4 qrupa bölünüb və 4 qrupdan 1-ci və 2 ci yerləri tutan komandalar növbəti tura vəsiqə qazanıb. 3-cü yer uğrunda keçirilən görüşdə Mülki müdafiə qoşunlarının komandası Xüsusi Riskli Xilasetmə Xidmətinin komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası Dövlət Yanğından Mühafizə Xidmətinin komandasına qalib gələrək yarışın qalibi olub.

Yarışın əzmkar komandası adına Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası layiq görülüb, veteran oyunçu isə İzotop Xüsusi Kombinatının əməkdaşı Qəzənfər Sultanov seçilib.

Çempionatın keçirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Voleybol Federasiyası İctimai Birliyinin hakimlər komitəsi və FHN-in Tibb xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.