İntizam Komitəsində Azərbaycan Kubokunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib İdman

İntizam Komitəsində Azərbaycan Kubokunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Kubokunun I təsnifat mərhələsində qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Göygöl” – “Hypers Guba” oyununda ev sahiblərinin 6, qonaqların isə 5 futbolçusu sarı vərəqə aldığına görə hər iki klub 70 manat cərimə edilib. Qarşılaşmadan sonra meydançaya kənar şəxs daxil olduğuna görə, eləcə də matçın ilkin protokolunu elektron bazada gec təsdiq edildiyi üçün göygöllülər müvafiq olaraq 80 və 100 manat ziyana düşüb

“Lerik” – “Ağdaş” matçında oyun günü planı pozulduğuna görə ev sahibləri 100 manat cərimələnib. Qonaqlar isə matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat məbləğində cərimə ödəyəcək.

“Şəmkir” komandasının qapıçısının formasında “Sheki City” ilə qarşılaşmada qüsur olması səbəbindən matç gec başladığı üçün klub 80 manat cərimə olunub.

“Dinamo” – “Füzuli” görüşündə qonaq komanda matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat ziyana düşüb.